“Azərsun”dakı yanğın ölkədə ərzaq qiymətinin artımına səbəb ola bilərmi? - Ekspert AÇIQLADI

“Azərsun”dakı yanğın ölkədə ərzaq qiymətinin artımına səbəb ola bilərmi? - Ekspert AÇIQLADI

Hazırda oxunan: “Azərsun”dakı yanğın ölkədə ərzaq qiymətinin artımına səbəb ola bilərmi? - Ekspert AÇIQLADI

72046

Dünən Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində genişmiqyaslı yanğın baş verib. Ümumilikdə təqribən 5 000 kv.m sahəni əhatə edən yanğın FHN-in səyi ilə çətinliklə də olsa, gecə saatlarında tamamilə söndürülüb. 

İlkin olaraq plastik qablar fabrikindən başlayan yanğın daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib.

Nəticədə satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı yanıb məhv olub. İlkin qiymətləndirməyə görə, yanğının vurduğu ziyan 20-30 milyon manat civarına ölçülür. 

Artıq yanğın və “Azərsun Sənaye Parkı”na dəymiş zərərlə bağlı olaraq, ictimaiyyət arasında ajiotaj yaranıb. Əksəriyyət yağ və digər məhsulların qiymətində artım olacağından hətta qıtlığın yaranacağından narahatlıq hissi keçirir.

Doğrudanmı mövcud vəziyyət sözügedən məhsulların qıtlığı və qiymət artımına səbəb olacaq?
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda baş verən yanğın TƏXRİBAT, ya TƏSADÜFDÜR? – “Mesajdırsa, buna cavab vermək lazımdır”


İqtisadçı ekspert Eldəniz Əmirov Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, bu xəbər insanlarda psixoloji gərginlik yaratsa da, kəskin qiymət artımı və qıtlıq baş verməyəcək, lakin:

“Baş verən yanğın zamanı ciddi itkilər və fəsadlar yaranıb. Amma biz ölkənin yağ və yağ məhsullarına olan təlabatı “Azərsun”un istehsal potensialı, “Azərsun Sənaye Parkı”nda sıradan çıxmış məhsulların statistikasını müqayisəli təhlil etdikdə görəcəyik ki, bu yanğına görə ajiotaj yaratmağa gərək yoxdur. Əvvəla “Azərsun Holdinq” in müəssisələri yalnız bu yanan sahədən ibarət deyil. Müəssisənin ölkənin kərə yağı bazarındakı payı cəmi 5-7 faizi təşkil etdir. Azərbaycan həm bitki, həm də kərə yağı təlabatı baxımından idxaldan asılı ölkədir. Bu ən azı 80 faizdən çoxdur.
 

Yəni, kərə yağları Yeni Zellandiyadan gətirilir. Burada sadəcə xüsusi çəki və ölçüyə salınır, sonra isə qablaşdırılır. Odur ki, istər “Azərsun”un, istərsə də dövlət rəsmiləri açıqlama verərkən mütləq şəkildə elə ifadələrdən istifadə etməlidirlər ki, insanlarda ajiotaj yaratmasın”. 


Ekspertin həmçinin süni qiymət artımının da qaçılmaz olacağını qeyd edərək, cüzi miqdarda bahalaşmanın ola biləcəyini deyib:

“Təbii ki, yaranmış psixoloji basqı şəraitində kimlərinsə bazarlarda yağların qiymətinin süni şəkildə qaldırmasına cəhdləri olacaq. Həmçinin müəyyən miqdarda təbii şəkildə qiymətin artma ehtimalı da var. Sadəcə kimlərinsə bu ehtimaldan istifadə edərək daha böyük qiymət artımına cəhdi, müvafiq orqanlar tərəfindən ciddi şəkildə qarşısı alınmalıdır”.

Eldəniz Əmirov əlavə olaraq strateji əhəmiyyət kəsb edən müəssisələrin təhlükəsizliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb:
 

“Səngəçal terminalı ölkənin ən strateji nöqtələrindən hesab edilir və ən yüksək səviyyədə mühafizə olunur. Bu gün ərzaq ehtiyatlarının toplandığı anbarlar və digər saxlanc yerləri eyni qədər strateji əhəmiyyətinə görə bu terminal qədər əhəmiyyətlidir.


Odur ki bu obyektlər özəl təsərrüfat obyektlərinin, yoxsa dövlətin mülkiyyətində olmasından asılı olmayaraq eyni dərəcədə dövlət tərəfindən böyük ciddiyətlə qorunmalıdır. İlk növbədə ölkədə ərzaq təhlükəsizliyində rol oynayan hər bir müəssisənin stratejilik səviyyəsi yüksəldilməlidir. Həmçinin idxal kanallarının fasiləsizliyinin təmin olunması (onsuz da idxaldan asılıyıq) və idxalda süni problemlərin yaranma ehtimalları qiymətləndirilərək qabaqlayıcı tədbirlər görülməlidir”, - deyən E. Əmirov ərzaq ehtiyatlarına təhdid yarada biləcək hər bir istiqamətin dövlət tərəfindən xüsusi nəzarətə götürülməli olduğunu bildirib.


Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO