“Azərbaycanda qadınların təhsil almasında heç bir problem yoxdur. Düşünürəm ki deputat Fazil Mustafanın Qız Məktəblərinin Yaradılması ilə verdiyi təklif heç də pis deyil.”
Bu sözləri Bizim.Media-ya açıqlamasında Hacı Şahin söyləyib. Din xadimi söyləyib ki, məncə Qız Məktəblərinin açılması təhsilin keyfiyyətinə mənfi deyil, müsbət təsir göstərə bilər.
MÖVZU İLƏ BAĞLI:
Rəşid Mahmudov: “Deputatın qız məktəbi açmaq təklifi məni yaman güldürdü”
Qadınların kişilərlə birgə təhsilinə dini-nöqteyi nəzərdən açıqlama verən din xadimi vurğulayıb ki, dinimiz qadınların kişilərlə bir müəssisədə işləməsini və oxumasını qadağan etmir, amma belə bir alternativin olmasını istər dini nöqteyi nəzərdən və istərsə də öz şəxsi baxışıma görə müsbət qarşılayıram:
“Azərbaycanda bütün qızlar məcburi və icbari təhsil alırlar və mən təhsillərini sırf qız məktəblərində almalarında heç bir qəbahət görmürəm. Hazırda Azərbaycanda kifayət qədər yüksək göstəriciləri olan Bakı Qızlar Universiteti var. Əgər Ali təhsil ocağı varsa, niyə də qız məktəbləri olmasın?”
Hacı Şahin ölkədə din adından istifadə edərək qızları təhsildən yayındıranlara da ismarış yollayıb:
“Bəzi insanlar dinə istinad edib, müsəlmanıq deyərək qızları təhsildən məhrum edirlər. Amma bu doğru yanaşma deyil. Əksinə, İslam buyurur ki, təhsil almaq bütün kişi və qadınlar üçün vacibdir”.
Leyla Şah, Bizim.Media