Bir müddət öncə Böyük Britaniyanın “antiquesboutique.com” adlı saytında Azərbaycanın milli xalçalarının satışa qoyulması ilə bağlı xəbər vermişdik.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab gəlib. Qurum rəsmisinin sözlərinə görə, sayt artıq nəzarətə götürülüb və bu haqda araşdırılma aparılır:
“Nazirlik tərəfindən saytda yerləşdirilmiş xalçaların həqiqətən də Azərbaycana məxsus olub-olmaması məsələsi araşdırılır. Nəzərə çatdıraq ki, bədii, tarixi və elmi əhəmiyyət kəsb edən Azərbaycan xalçalarının ölkədən satış məqsədilə çıxarılması qəti qadağandır. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərindən vaxtilə çıxarılan xalçaların hərraclarda erməni xalçası adı ilə satışı bu gün də aktualdır.
Buna misal olaraq, hal-hazırda Azərbaycan Milli Xalça Muzeyində nümayiş olunan “Bağçada güllər” xalçasını göstərmək olar. Xalçanın üzərində Azərbaycan dilində kiril əlifbası ilə “1 yanvar 1971-ci il Sərvərə anadan əbədi yadigar ad günü hədiyyəsi” yazısına baxmayaraq, o 2017-ci ilin fevral ayında ABŞ-ın Los-Anceles şəhərində keçirilən hərracda “Antik Ermənistan – Qarabağ xalçası” adı ilə təqdim olunub. Əslən azərbaycanlı olan bir Amerika vətəndaşı həmin xalçanı alıb ilk sahibinin axtarışına başlamışdır.
Lakin xalçanın sahibi tapılmadığından həmyerlimiz 2017-ci il 5 may tarixində bu xalçanı Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə etmişdir.
Qeyd edək ki, bu uzun illər erməni işğalçılarının əlində olmuş və vətənə qayıtmış ilk xalça nümunlərindən biridir. Həmçinin, Heydər Əliyev Fondu başda olmaqla, xeyriyyəçi insanların köməyi ilə Qarabağda toxunan nadir sənət nümunələri – XVII əsrin “Xətai” və “Naxçıvan”, XVIII əsrin “Çələbi” xalçaları vətənə qaytarılaraq Azərbaycan Milli Xalça Muzeyində nümayiş olunur”.
Nazirlikdən həmçinin bildirilir ki, Qarabağa aid qədim xalçaların Azərbycana qaytarılması sahəsində mühim işlər aparılıb:
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 28.02.2018-ci il tarixli 3722 nömrəli Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycana, xüsusilə Qarabağa aid qədim xalça nümunələrinin tarixi vətənə qaytarılması sahəsində müvafiq işlər görülüb.
Muzey kolleksiyalarının zənginləşdirilməsi məqsədilə mütəmadi olaraq xarici auksionlar, yarmarkalar, şəxsi kolleksiyalar izlənilir.
Dünya auksionlarında və şəxsi kolleksiyalarda olan Azərbaycan mənşəli maddi mədəniyyət nümunələrinin öyrənilməsi istiqamətində müvafiq araşdırma işləri aparılır.
Qeyd edək ki, 2020-ci ildə İtaliyanın məşhur Sartirano yarmarkasında satışa çıxarılan XVII əsrin sonlarına aid elmi, bədii, tarixi və muzey əhəmiyyəti kəsb edən 3 (üç) ədəd unikal Azərbaycan xalçaları Mədəniyyət Nazirliyi tərəfindən satın alaraq Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına hədiyyə edilib”, - deyə Mədəniyyət Nazirliyindən bildirilib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:15 / 29.04.2022
Azərbaycan xalçalarının gizli yolla xaricdə satılmasına nazirlikdən REAKSİYA
Hazırda oxunan: Azərbaycan xalçalarının gizli yolla xaricdə satılmasına nazirlikdən REAKSİYA
Hazırda oxunan: Azərbaycan xalçalarının gizli yolla xaricdə satılmasına nazirlikdən REAKSİYA
71924
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.