“AMEA-nın işçi heyətində ciddi ixtisarlar aparılmalı, işçilərin sayı azaldılmalıdır”.
Bunu Bizim.Media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov elmi fəaliyyətdə əsaslı rolu olmayan AMEA-nın Rəyasət Heyəti aparatında həddən çox, yəni 465 nəfərlik işçi heyətinin olmasına münasibət bildirərkən deyib:
MÖVZU İLƏ BAĞLI:
AMEA-nın Ümumi yığıncağı başladı
“AMEA-da bu qədər işçinin olması hədsiz dərəcədə çoxdur. Onlar arasında ixtisar aparılmalıdır. Bu qurum rentabelli deyil.
Ona görə də qurumun Rəyasət Heyəti aparatında 465 nəfərlik işçi heyətinin saxlanılmasına ehtiyac yoxdur.
Bu gün Azərbaycanda baş verən yeniliklərdə, islahatlarda, kəşflərdə AMEA-nın rolunu görmürük. Belə olan halda, sözügedən qurumda bu qədər çoxsaylı işçinin qalması təbii ki, rentabelli deyil. AMEA yeni trendlərdə yer almır. İqtisadi baxımdan Azərbaycanla eyni səviyyədə və aşağı olan bir çox ölkələrin dünya reytinqində yer alan universitetləri var. Amma onların tərkibində AMEA-nın adminstrativ heyətində olan qədər çoxsaylı işçisi ola bilməz.
Ölkənin təhsil sisteminə cavabdeh Təhsil Nazirliyinin bütün aparatında ştat cədvəli cəmi 120 nəfərdən ibarətdir.
Amma AMEA-nın Rəyasət Heyətinin aparatında kifayət qədər böyük işçi kütləsi cəmlənib. AMEA-da ciddi struktur islahatları aparılmalı, lazımsız şöbələr ləğv edilməlidir. Bu qurumda ixtisarlar aparmadan onu bataqlıqdan çıxarmaq mümkün olmayacaq”.
Rüfət Sultan, Bizim.Media