Cənub bölgəsinin yaşıl “MİRVARİSİ” – FOTOREPORTAJ

Cənub bölgəsinin yaşıl “MİRVARİSİ” – FOTOREPORTAJ

Hazırda oxunan: Cənub bölgəsinin yaşıl “MİRVARİSİ” – FOTOREPORTAJ

71564

Bu günlərdə “Konstitusiya” Araşdırmalar Fondunun təşkilatçılığı ilə bir qrup jurnalistin Cənub bölgəsinə (Lənkəran, Masallı, Lerik və Astara rayonları) mediaturu baş tutub. Jurnalistlər 2 günlük tur çərçivəsində qeyd edilən rayonlarda 8 yerli turzim məkanına səfər edərək, Cənub bölgəsinin əsrarəngiz və gözoxşayan təbiətinin seyrangahına çıxıb. 

Cənub bölgəsini yenidən kəşf etdik...


Geniş turizm imkanlarına malik olan cənub bölgəsinin füsunkar təbiəti, tarixi abidələri, milli mətbəxi, adət-ənənələri və folkloru barədə məlumatlı olsaq da, tur marşurutumuz bu bölgənin gözəlliklərini yenidən kəşf etməyə imkan verdi.
Talış dağlarının ətəyində,yaşıllıqlarla örtülmüş Astaranın Səncərədi kəndində yerləşən “Yaşıl göl” istirahət mərkəzi isə bu gözəlliyi daha rəngarəng etdi. 4 hektarlıq ərazidə yerləşən və başdan-başa portağal bağları ilə əhatələnən istirahət mərkəzi dünyanın möcüzəvi vadilərini xatırladır. İlin bütün fəsillərində ecazkar rəngi ilə seçilən “Yaşıl göl”ün özəl xüsusiyyəti isə axşam saatlarında suyunun yam-yaşıl rəngə çalmasıdır. 

Əvəzsiz məkanda dincəlməyə dəyər...

Səs küylü, toz-dumanlı şəhər həyatından uzaqlaşmaq və əvəzsiz məkanda dincəlmək üçün istər yerli, istərsə də əcnəbi turistlərə göldə qayıqla gəzinti, meyvə toplama, balıq tutma və dadı damaqda qalacaq Cənub mətbəxindən dadmaq imkanı tanınır.  

İstirahət mərkəzinin sahibi Tələt Həbibovun Bizim.Media-ya verdiyi məlumata görə “Yaşıl göl” turizm müəssisəsi ziyarətçilərə ilin bütün fəsillərində xidmət göstərir.


Ərazinin balıqçılıq, maldarlıq təsərrüfatları və sitrus meyvə bağları var:

“4 hektardan ibarət ərazidə portağal, feyxua və düyü bağı var. Digər meyvə ağacları da əkmişik. Ziyarətçilərə həmin bağdakı meyvələrdən istifadə pulsuzdur. İstirahət mərkəzi kimi fəaliyyət göstərən “Yaşıl göl”ün ətrafı müxtəlif sayda otaqları olan korteclərdən ibarətdir. Burada qarşılama mərkəzi, 5 yataq otağı, 10 çarpayı, emalatxananın olduğu 3 qonaq evi fəaliyyət göstərir. Koteclərin qiyməti naharla birgə 2 nəfərlik 50, 3 nəfərlik 60, 5 nəfərlik isə 100 manatadır. Ziyarətçilər ərazidə balıq ovlaya, göldə gəzintiyə çıxa bilərlər”. 

Müəssisə rəhbəri qeyd edib ki, gələcəkdə ərazidəki koteclərin sayının artırılması nəzərdə tutulur:

“Qonaq evlərinin sayını artıracaq, daha müasir standartlarla fəaliyyətimizi davam etdirəcəyik. Turistlər ən çox zövq aldığı göl ətrafında oturmağa üstünlük verirlər.

O mənzərəni seyr edib, Cənub mətbəximizi dadmaq isə ziyatərçilərimizə bir başqa zövq verir. Göldə qayıqla gəzmək pulsuzdur. “Yaşıl göl”ün dərinliyi 4 metr olduğu üçün qayıqla gəzintiyə çıxanlar, mütləq xilasedici jilet geyməlidirlər. Göldə 3 növ “Sazan”, “Beluqa”, “Siruqa” və “Setra” balıqları var. Hazırda onların kürü buraxma vaxtı olduğu üçün onlara toxunmuruq. Balığın kilosu isə 10 manatadır. Tutulur, bişirilir və servis edilir. Onu da deyim ki, buranın balıqlarının dadı əvəzedilməzdir”. 

İnsanlar təbiətdə daha tez sağalır...


Ziyarətçisi olduğumuz isirahət mərkəzində bolluca dincəlmək imkanı mənə də tanınmışdı. Başdan-başa gəzdiyim turizm müəssisəsinin valehedici mənzərəsinin sehrindən ayrıla bilmirdim.

Tamaşasından doymadığım təbiətin sanki bütün möcüzələri bu turizm məkanında cəmləşmişdi. Ruhumu dincəldən “Yaşıl göl” ün füsunkar gözəlliyindən, lal duruşunun sehrindən ayılmaq istəmirdim. Həzin laylasında, cənnətin ətrində itib-batmışdım....
Uzun illər yığılıb qalmış ağrılı düşüncələrimi, stresimi kənarlaşdırmaq, ruhumu dincəltmək üçün doğma gölə sarılmışdım....

Alçina Amilqızı, Bizim.Media  







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO