Məşhur marketlərlə bağlı Dövlət Xidmətinə MÜRACİƏT

Məşhur marketlərlə bağlı Dövlət Xidmətinə MÜRACİƏT

Hazırda oxunan: Məşhur marketlərlə bağlı Dövlət Xidmətinə MÜRACİƏT

71500

"Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi iri ticarət şəbəkələrinin quş əti və yumurta istehsalçılarına yaratdığı problemlərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi məktubla müraciət edib. 

Bu barədə Bizim.Media-ya Assosiasiyadan bildirilib. 

Məlumata görə, məktubda Dövlət Xidmətindən aşağıdakı problemlərin aradan qaldırılmasında yardımçı olması xahiş edilib. 

- “Araz”, “Oba”, “Bazarstore”, “AL”, “Bravo”, “Rahat” və digər marketlər pərakəndə ticarətdə üstün mövqelərindən istifadə etməklə istehsalçılarla qeyri-bərabər, istehsalçıların mənafeyinə uyğun gəlməyən müqavilələr imzalayırlar.

Məsələn, təzə kəsilmiş toyuq ətinin rəf ömrü 5 gün, ən yaxşı halda 1 həftədir. Müqavilədə onun dəyərinin ödənməsi üçün 45 günlük müddət müəyyənləşir.
Digər məhsullarla bağlı da eyni vəziyyətdir. Bu, bizim öz istehsal prosesimizi vaxtında və düzgün tənzimləməyimizə, istehsalı genişləndirməyimizə imkan vermir, istehsal olunan məhsulun maya dəyərinin artmasına, son nəticədə ərzaq bazarında bahalaşmaya səbəb olur. 

- “Bravo” istisna olmaqla qalan marketlərin heç biri istehsalçılardan aldıqları məhsulların pulunu müqavilədə nəzərdə tutulan vaxtda ödəmir. Müxtəlif yollarla bəzən bu proses 2-3 aya qədər uzanır. 

- “Bravo” istisna olmaqla, qalan marketlərin satış nöqtələrində quş əti və yumurta məhsullarının saxlanma şərtləri texniki normalara cavab verən vəziyyətdə deyil. Məhsulların saxlanmasında qonşuluq prinsipi pozulur, yaxud quş əti onun üçün zəruri şərtlər təmin edilməyən soyuducularda saxlanılır. Nəticədə, geriqayıtma həcmləri müqavilədə nəzərdə tutulan 2%-dən xeyli yüksək – 6-7%-dən, bəzən 10%-dən çox olur. 

- Ticarət şəbəkələri istehsalçılardan ən müxtəlif adlarla müqavilədə nəzərdə tutulandan əlavə ödənişlər alırlar. Məsələn, aldıqları malın pulunu 3 ay yubadır, axırda tələb edirlər ki, yığılan məbləğin 3-5%-ni "cashback" kimi verin, sonra pulu köçürək. Yaxud TV-lərdə reklamlarını yerləşdirir, onun pulunu istehsalçılara ödətdirirlər. Bundan əlavə, konkret bir məbləğ müəyyənləşdirir, ondan yuxarı satışdan 1-2% əlavə ödəniş tələb edirlər. 

- Son zamanlar “Bazarstore”dan müqavilə üzrə ödənişlər davamlı surətdə uzanır və ödəniş müddətindən 15-20 gün (ümumi 45-50) gün sonra həyata keçirilir. Tələb olunan müqaviləyə ödənişlə bağlı hansısa fakturaaltı ödənişlərdə düzəliş də qəbul edilmir. 

- “OBA” marketlərdə təzə məhsullar üçün müqavilə üzrə 30 gün tələbi qeyd edilir, amma dondurulmuş məhsulların ödənişini yalnız rəfdən çıxışı zamanı həyata keçirəcəyini bəyan edir.

Bu şərt istehsalçının aşağı marjınallı biznesini təhlükəyə atmaqla yanaşı, həm də ödənişin həqiqətən də rəfdən çıxışdan sonra həyata keçirilib-keçirilmədiyini qeyri-müəyyən edir.

Çünki rəfdən məhsulun nə zaman satıldığnı yalnız şəbəkənin özü bilir və istehsalçıya bununla bağlı dəqiq bir sübut verə bilmir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO