Son vaxtlar internet fenomeni halına gəlmiş bu paltarın rəngi ətrafında qızğın müzakirələr gedir.
Almaniyada oftalmologiya ixtisasi üzrə təhsil alan azərbaycanlı həkim Moderator.az -ın elektron poçt ünvanına göndərdiyi yazıda bu paltarın rəngi ətrafında gedən qızğın müzakirələrə son verəcək inandırıcı iddiada bulunub.
Həmin yazını təqdim edirik:
"Bu paltarı bəzi insanlar ağ və qızılı bəzi insanlar isə göy və qara rəngdə görürlər. Paltarın bu cür fərqli rənglərdə görünməsinin sirri isə təbii ki, bir çoxlarını düşündürməkdə davam edir. Bu haqda bəzi fərziyyələr, teoriyalar irəli sürülsə də izah olunmayan qaranlıq məqamlar da çoxdur.

Bu şəkillə keçirdiyim bir neçə sınaqdan və apardığım müşahidələrdən sonra məsələnin bir çox məqamını aydınlaşdıra bildiyimi düşünürəm. İnsanların bu paltarı niyə fərqli rəngdə gördüyün izah etmək üçün ilk növbədə , bu şəkildəki qeyri adi işıqlanmaya diqqət çəkmək istəyirəm. Fikir vermisinizsə şəkildə əks olunmuş paltarın arxa tərəfində ağ bir işıqlanma nəzərə çarpır. Normal hallarda arxasında işıqlanma olan bir cismin ön tərəfi kölgədə qaldığından fona nisbətən daha az işıqlanmış olur. Ancaq şəkildə də gördüyümüz kimi paltarın ön tərəfi heç də kölgədə qalmış kimi işıqlanmır. Bunun bir neçə səbəbi ola bilər. Məsələn əgər şəkil çəkilən zaman işıq tənzimləyicidən (vspışka ) istifadə olunubsa və ya daha sonradan şəkil üzərində oynamalar edilibsə bu halla qarşılaşa bilərik. Bu məsələnin birinci tərəfi. Digər tərəfdən isə şəklin ümumiyyətlə kontrastının aşağı olması
insanların paltarı müxtlif rəngdə görməsinə səbəb olur. Kontrastın nə olduğunu izah edim. İnsan beyni gözün gördüyü hər bir şeyin rəngini , işıqlıq dərəcəsini bir baş o cismə görə yox fonda olan digər cismlərə görə müəyyən edir. Yəni məsələn bir əşyanı onunla eyni rəngdə olan fona yerləşdirsək onu gözümüz görsə də beynimiz alqılaya bilmir çox vaxt. Həmçinin bu tam olaraq eyni rəngdə olmayan fona görə eyni rəngin fərqli bir çaları olan əşyalara da aiddir. Kontrast bu rənglərin fərqidir.
Bütün qaranlıq məqamlara aydınlıq gətirmək üçün biraz daha dərinə getmək lazımdır. İnsan gözü işığı müxtəlif reseptor hüceyrələr vasitəsilə qəbul edir , bu hüceyrələrin qıcıqlanmasından yaranan sinir impulsları isə optik sinir vasitəsilə beyin qabığının ənsə payına ötürülür. Beynimizin bu impulsları analiz etməsi nəticəsində ətraf mühiti görə bilirik. Bu hüceyrələr isə kolbacıqlar və çöpcüklər olmaqla 2 hissəyə bölünür. Çöpçüklər rəngsiz , kolbacıqlar isə rəngli görməyə cavabdehdir. Kolbacıqların isə mavi , yaşıl və qırmızı rənglərə qarşı həssas olan üç növü var. Fikrimcə bəzi insanların bu paltarı ağ rəngdə görməsinin əsas təsir edici faktorlarından biri də maviyə həssas kolbacıqların sayının digərlərinə nisbətən az olmasıdır. Ancaq o demək deyil ki , bu hər hansı bir patoloji dəyişikliyin əlamətidir. Fiziolojik olaraq da bu hüceyrələrin sayı fərqlilik göstərə bilər. İnsanlar fərqlidirlər.
Aşağıdakı qrafikdə müxtəlif reseptor hüceyrələrin müxtəlif rənglərə qarşı həssaslığı faizlə ifadə olunmuşdur. Gördüyünüz kimi mavi rəngə yaşıl və qırmıza həssas hüceyrələrdən daha çox rəngsiz (ağ-qara ) görməyə cavabdeh çöpcük dediyimiz hüceyrələr həssasdır .

Nəticə olaraq mavi rəngə qarşı həssas reseptorların sayında fizioloji azlıq olan insanların beyni ağ-qara görməyə cavabdeh reseptor hüceyrələrindən gələn impulsları analiz edərək kontrastı yetərincə aşağı olan bu şəkildə fondakı ağ işıqla demək olar ki eyni işıqlanma dərəcəsinə malik olan mavi rəngli patların ağ rəngdə olduğuna qənaət gətirir.
Dr. Aqil Hüseynzadə"





























































































