Paytaxtın Sabunçu rayonunun Maştağa, Nardaran və Bakıxanov qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik tərkibli bitkilərin kultivasiyası və yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılan Maştağa qəsəbəsi sakini Elnur Babayevdən 244 qram marixuana aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun Pirşağı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan əlavə 7 kiloqram 20 qram marixuana, həyətindəki istixanadan isə kultivasiya yolu ilə yetişdirdiyi 8 853 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Aparılan araşdırmalar zamanı Elnur Babayevin narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyi və xüsusi quluq etdiyi müəyyən edilib. Onun məqsədi çətənə kollarını qurudandan sonra satmaq olub.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində isə sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacirin təklifi ilə paytaxt ərazisində narkokuryerliklə məşğul olan Astara rayon sakini Vüqar Əmirli saxlanılıb. 13-cü Polis Bölməsinə gətirilən həmin şəxsin üzərindən 60 qram heroin və psixotrop maddə metamfetamin aşkar edilib.
Vüqar Əmirli ifadəsində paytaxt ərazisində kirayədə yaşadığı evdə narkotik maddələr saxladığını bildirib. Həmin ünvana baxış zamanı əlavə olaraq 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxs izahatında narkotik maddələri satışı ilə məşğul olduğunu etiraf edib.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində isə əvvəllər dəfələrlə məhkum edilmiş Nardaran qəsəbəsi sakini Sabir Babayev saxlanılıb.
Onun üzərindən və evinin yaxınlığındakı yarımtikilidən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 31 ədəd patron və 1 kiloqram 105 qram heroin aşkar edilib.
Faktlarla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.
Saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Bizim.Media