İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər dindirilib.
Zərərçəkmiş Qarabağ veteranı Arif Ələkbərov icarəyə götürdüyü torpaq sahəsinin müqaviləsini artırmaq üçün 1000 manat veribmiş:
“Rayonumu tərk etməmək üçün icra hakimiyyətinə müraciət edib torpaq sahəsi istədim. Mənə 2001-ci ildə sərəncamla icarəyə torpaq sahəsi verdilər. Vaxtı bitdikcə yeni müqavilə imzalayırdıq. 2018-ci ildə imzaladığımız müqavilənin müddəti bitdi. Yenidən müqavilə imzalamaq üçün icra hakimiyyətinə müraciət etdikdə məndən 1000 manat pul istədilər. Hüseyn adlı şəxsə pulu verdim ki, mənim müqaviləmin vaxtını artırsınlar. Hüseyn dedi ki, bu Vilyam Hacıyevin göstərişidir”.
MÖVZU İLƏ BAĞLI:
"Vilyam Hacıyevin adından məndən 10 min 800 manat aldılar" – Məhkəmədə etiraf
Prosesdə ifadə verən DSMF-nin İmişli rayon şöbəsinin müdiri İntiqam Əliyev vurğulayır ki, Vilyam Hacıyevə 3 min manata yaxın pul verib:
“Vilyam Hacıyevlə şəxsi münasibətim normal idi. Şəhərin abadlıq işləri ilə bağlı icra hakimiyyətindən tapşırıq verdilər ki, 1000 manat pul verməliyəm. Mən də pulu Cəmil Musayevə verdim. Daha sonra yenidən yolların tikintisi üçün 1000 manat istədilər. 7-8 il müddətində 3 min manata yaxın icra hakimiyyətinə pul vermişəm”.
Zərərçəkmişlər sırasında olan idmançı, Azərbaycan Natural Bodibildinq və Fitness Assosiasiyasının prezidenti, idmançı Elnur Şıxəliyev torpaq sahəsini rəsmiləşdirmək üçün 20 min manat pul verdiyini açıqlayıb:
“Bakı şəhərində yaşasam da, əslən İmişli rayonundanam. Heyvandarlığı inkişaf etdirmək məqsədi ilə 2019-cu ildə İmişli rayonunda torpaq sahəsi aldım. Bunu rəsmiləşdirmək üçü icranın hüquq şöbəsinə müraciət etdim. Dedilər ki, Vilyam Hacıyevin sərəncamı imzalaması üçün 20 min manat pul ödəməlisən. Mən də gəldim mühasibatlığa pulu ödəyib, sərəncamı aldım.
Qanuni şəkildə olması üçün çek tələb etdim amma vermədilər. Dedilər ki, əmlak şöbəsinə göndəriləcək ondan sonra çek verilə bilər”.
Vilyam Hacıyev idmançını ilk dəfə gördüyünü və ondan rüşvət tələb etmədiyini deyib.
Məhkəmənin növbəti iclası aprelin 22-ə təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan olunub (lent.az).
Bizim.Media