"Başlıbel qətliamının təqsirkarları tezliklə cavab verəcəklər" – Ombudsman

Hazırda oxunan: "Başlıbel qətliamının təqsirkarları tezliklə cavab verəcəklər" – Ombudsman

70184

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva Başlıbel qətliamının 29-cu ildönümü ilə əlaqədar açıqlama yayıb.

Ombudsman Aparatından Bizim.Media-ya daxil olan açıqlamada deyilir:

“Bu gün Başlıbeldə qətliam törədilməsindən 29 il ötür.

Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı, deportasiya, etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilməklə soyqırım cinayətinin qurbanına çevrilib.

Ermənistan tərəfindən insanlıq əleyhinə yönəlmiş, kütləvi qırğınlarla nəticələnən müharibə cinayətlərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib.

Bu cinayət nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilmiş, hətta bəziləri diri-diri yandırılıb.
Başlıbel kəndinin Ermənistan tərəfindən işğalı zamanı 62 dinc sakin xilas olmaq məqsədilə mağaraya sığınmış, lakin ermənilər onların yerini aşkarladıqda silahlı hücuma keçərək qətliam törədilib.

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığında dəfn olunduğu yeri aşkar edib. Kütləvi şəkildə qətlə yetirilmiş həmin sakinlərin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilmiş və ayrı-ayrı dəfn olunub. Sağ qalan şahidlərin ifadələri də təsdiq edir ki, Başlıbel qətliamı zamanı sakinlər arasında girov götürülənlər olmuşdur və bugünədək itkin hesab olunanlar vardır.

Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri işğal zamanı dağıdılaraq məhv edilib.

Ermənistan tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş soyqırım cinayəti, habelə Azərbaycanın tarixi-mədəni irsinə qarşı vandalizm aktı nəticəsində insan hüquqları sahəsində mövcud olan beynəlxalq hüquq normalarının tələbləri bir daha kobud şəkildə pozulub.
İnanırıq ki, Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş çoxsaylı cinayətlərin, o cümlədən Başlıbel qətliamının törədilməsində təqsirkar olan şəxslər tezliklə hüquqi məsuliyyətə cəlb edilərək ədalət mühakiməsi qarşısında cavab verəcəklər.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO