31 dekabrda bizi birləşdirən nədir? - Qısa tarixçə

31 dekabrda bizi birləşdirən nədir? - Qısa tarixçə

Hazırda oxunan: 31 dekabrda bizi birləşdirən nədir? - Qısa tarixçə

6969

Əslində 31 dekabr Dünya Azırbaycanlılarının Həmrəylik Günün əsası 1989-cu ildə qoyulub.

Bizim.Media xəbər verir ki, bu günün əsası 1989-cu ildə Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (o zaman SSRİ-İran) dağıdılması ilə qoyulub.

Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Araz çayının hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arsındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz sahilində birləşmək şüarı səsləndirməsi əslində azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirəyə cəhd idi.

Həmrəylik günü isə, bu qovuşmanın, birləşmənin simvolik nişanıdır.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.

Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, hər sahədə işğalçılar üzərində qazandığı qələbə və nəticədə Qarabağın azad olunması 29 il öncə onun atasının, ulu öndər Heydər Əliyevin elan etdiyi günü daha da əlamətdar etdi. Zəfər Paradında Türkiyə liderinin Araz çayı barədə səsləndirdiyi bayatı farsların narahatçılığına, cənublu soydaşlarımızın məğrur coşqusuna səbəb oldu.

Onsuz da 44 günlük savaş ərzində bütün dünya Araz çayının şimal sahilində terror, işğalla mübarizə aparan azərbaycanlıları, Araz çayının cənub sahilində isə güneyli qardaşları üçün Xudafərinə toplaşaraq dua edən, qələbəsinə şadlanan azərbaycanlıları gördülər.

Xalq gərək daim öz kökünü xatırlasın deyən milli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi:

"Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir''.

Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır''.

''Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

Azərbaycan Respublikası hazırda özünün parlaq və davamlı inkişaf dövrünü yaşayır.

Dünyanın müxtəlif guşələrində məskunlaşan, lakin qəlbi daim Azərbaycan eşqi ilə döyünən soydaşlarımız da bu tarixi prosesdən kənarda deyil və onların xalqımızın tərəqqisində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində təqdirəlayiq xidmətləri yüksək qiymətləndirilməlidir.

Prezident İlham Əliyev ötən il bütün dünyada yaşayan azərbaycanlıları 31 dekabr tarixi ilə əlaqədar təbrik edərkən bildirmişdi ki, “harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər”.

Həqiqətən də şanlı Azərbaycan ordusunun zəfəri ilə yekunlaşan II Qarabağ savaşı ətrafında gedən proseslərdə də biz ölkə başçısının bu çıxışının təsdiqini gördük.

Çünki harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu və ya digər formada vətənlə - Azərbaycanla bağlılığını göstərdi.

Qeyd edək ki, istər eradan öncə, istərsə də son iki minilliyin əsrlərinə, hazırki günlərinə baxanda Azərbaycana bütövlük, azərbaycanlılara birlik yaraşır.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO