“Operativ Qərargahın şərtlərinə görə AZAL ilə səyahət edənlər uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testinin nəticəsi haqqında arayış təqdim etməlidir. Vaxt var idi ki, bütün dünya bunu tətbiq etmişdi. Indi isə bu tələb aradan qaldırılmalıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenas iclasında çıxışı zamanı səsləndirib.
Deputat bu məsələ ilə bağlı iki dəfə ürəkağrıdan hadisəyə şahidlik etdiyini bildirib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan mayın 1-dən quru sərhədlərini AÇIR - ÖZƏL
"Bir dəfə İstanbulda, bir dəfə də İtaliyadan uçanda. Gözü yaşlı ana və körpə uşaq da qucağında. Ana doğulduğu ölkəsinə, evinə-eşiyinə, balalarının yanına qayıtmaq istəyirdi. PCR testin yoxdur, istəyirsən yıxıl öl, icazə verməyəcəklər. Mən bu yanaşmanın tam əleyhinəyəm və bunu ədalətsiz qərar sayıram. İstanbul hava limanından Bakıda xeyli insana zəng etdim, o qadına kömək edə bilmədim.
O isə məni pənah bilmişdi ki, bəlkə deputatın sözünü eşidərlər. Olsun, etirazım yoxdur, qanun qanundur. Amma, gerçəklik tələb edir ki, bu qərar dəyişsin.
Hər kəs üç dəfə peyvənd olunub, pasportu var, qızdırması, asqırması və öskürməsi də yoxdur.
Bir kağız parçasını bu qədər qiymətə, qanuna, ciddiliyə mindirib, vətəndaşları incitmək yolverilməzdir. Biri gecikir, PCR ala bilmir, biri təcili uçur və ya gəlir. Dəyərmi buna? O qədər qanunlarımız, o qədər ənənələrimiz, o qədər öhdəliklərimiz var ki, bir qəpik qiymət qoyulmur. O qədər vəzifəli şəxslər var ki, vətəndaşları incidə-incidə, dövlət büdcəsini talayıb, manatı qiymətdən salıb, bank sistemini yerlə-yeksan edib, xalqın verdiyi vergidən formalaşan büdcə ilə özünə biznes imperiyası yaradıb, hələ də davam edir. Onlara qarşı sərt olaq.
PCR test tələbi ləğv edilsin, birdəfəlik test üsulu lazımdırsa, tətbiq edilsin, quru sərhədləri açılsın və gözü yollarda qalan hotellər də işlək vəziyyətə gəlib 5-10 nəfər kasıba çörək qazandırsın. Bu, mənim dəyişməz mövqeyimdir”, deyə o, qeyd edib.
Deputat çıxışı zamanı pandemiya dövründə vətəndaşlara tətbiq olunan cərimələrə də toxunub:
“Bu cərimələr ləğv edilməsidir. Bizdən də kasıb olan ölkələr var, qonşu Gürcüstanda belə bir addım atıb. Onun üçün də Parlamentin müvafiq komitəsinin bu məsələni müzakirə etməsini və plenar iclasa çıxarmasını xahiş edirəm”.
Murad Əhmədov, Bizim.Media