“Prezident İlham Əliyev son andiçmə mərasimi zamanı bəyan etdi ki, daha heç nə əvvəlki kimi olmayacaq.
Bu qısa müddət ərzində Azərbaycan sözün əsl mənasında inqilabi dəyişikliklərə şahidlik etdi. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqlarımız işğaldan azad olundu və tarixi həsrətimizə son qoyuldu.
Ölkəboyu həyata keçirilən və hakimiyyətin bütün qollarını əhatə edən kompleks islahatlar nəticəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyduq.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu əhəmiyyətli dərəcədə artdı”. Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsinin dördüncü ildönümü ilə bağlı açıqlamasında bildirib. Şahbazlının sözlərinə görə, İlham Əliyevin yürütdüyü rasional və praqmatik siyasətin nəticəsində Azərbaycan nəinki regional konfliktlərdən yayına bildi, əksinə, bölgədə və dünyada nüfuzunu daha da artırmağa müvəffəq oldu: “Cəmi dörd il öncə çoxları üçün xəyal kimi görünərdi ki, qısa müddət sonra Qarabağ işğaldan azad ediləcək.
Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək, bu tarixi şəhər türk dünyasının mədəniyyət paytaxtına çevriləcək. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə yürüdülən məntiqi, ardıcıl siyasətin bəhrəsi olaraq biz bu tarixi anları yaşadıq.
Müzəffər Ali Baş Komandanın və rəşadətli Azərbaycan Ordusunun sayəsində doğma torpaqlarımızı işğaldan azad etdik. Halbuki ermənilər uzun müddət özlərinin qalib olduğunu bəyan edir, saxta tarix uydurmağa çalışırdılar.
Azərbaycan isə öz iqtisadi və hərbi qüdrətini artırmaqla bu tarixi qələbə üçün zəmin hazırladı. Yekunda isə həm hərbi, həm iqtisadi, həm də siyasi məğlubiyyətin dadını Ermənistan yaşadı. Humanizmi həyat fəlsəfəsinə çevirən Cənab Prezident müharibə öncəsi Ermənistan hərbi-siyasi rəhbərliyinə müraciət edir, onları xoşluqla Azərbaycan torpaqlarını tərk etməyə çağırırdı. Lakin onlar bundan dərs çıxarmadılar və biz müharibə meydanında onlara layiqli dərsini verdik.
Bu böyük zəfər bizi tarixi həsrətimizə qovuşdurmaqla yanaşı, eyni zamanda ölkəmizin beynəlxalq miqyasda rolunu da əhəmiyyətli dərəcədə artırdı”.
Müsahibimiz qeyd edir ki, ötən dövr ərzində Azərbaycanla qardaş Türkiyə arasında müttəfiqlik münasibətləri ən yüksək səviyyəyə qədəm qoydu:
“Məhz Azərbaycan və Türkiyə türk dünyası dövlətləri arasında səmərəli əməkdaşlığın, birliyin və vəhdətin əsasını qoydular. Bu sarsılmaz birlik dünya miqyasında türk dünyasının əhəmiyyətini artırmaqla yanaşı, onun qlobal miqyasda siyasi və iqtisadi proseslərə təsir imkanlarını da xeyli gücləndirdi.
Heç kimlə başqasına qarşı dostluq etməyən, çoxvektorlu, proqnozlaşdırıla bilən, ardıcıl xarici siyasətin tərəfdarı olaraq Azərbaycan balanslaşdırılmış və müstəqil xarici siyasət kursu ilə ortaya uğurlu örnək qoydu.
Məhz bu uğurlu diplomatik siyasətin təzahürü idi ki, Azərbaycan bütün regional risklərdən sığortalanmış oldu. Ölkəmizin artan əhəmiyyəti fonunda regionda baş verən hadisələr isə Azərbaycana olan beynəlxalq marağı artırırdı. Eyni zamanda idarəetməyə yeni nəfəs gəldi.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən instusional islahatlar, hər bir hakimiyyət qanadında baş verən dəyişikliklər qısa müddət ərzində ölkəmizdə mühüm dəyişikliklərin əsasını qoydu. Dövlət-vətəndaş münasibətləri yüksələn xətlə inkişaf etdi və idarəetmədə şəffaflıq təmin edildi”.
Gənc və peşəkar kadrların yüksək dövlət idarəçiliyinə gətirilməsini xüsusi qeyd edən İGİB sədri əlavə edir ki, Cənab Prezident bununla dostu adlandırdıqları gəncliyə yeni imkanlar açmış oldu:
“Prezident hər çıxışlarında bildirirdi ki, gənclərin xarici dairələrin hədəfinə çevrilməsinə imkan verilməməlidir. İlham Əliyev gənclərə vətənpərvərlik hisslərinin aşılanmasını dövlət siyasətinin vacib prioritetlərindən biri elan etdi.
“Gənclərin Dayanıqlı Məşğulluğu” proqramı”, “2022-2026-cı illərdə xaricdə təhsil proqramı” və bu xüsusda gənclərin karyera və peşəkar inkişafına yönəlik layihələr bir daha göstərdi ki, dövlət başçısı ölkə gəncliyinin inkişafında maraqlıdır və ortaya siyasi iradə qoyub.
Fəal ölkə gəncliyi olaraq Prezidentin siyasətini dəstəkləmək, onun rəhbərliyi altında Azərbaycanımızın inkişafı naminə bundan sonra da əzm və səylə çalışmaq, dövlətçiliyin qorunması işinə töhfə vermək şərəfdir və bundan qürur duyuruq”, – deyə həmsöhbətimiz fikrini yekunlaşdırır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:05 / 11.04.2022
“Prezident xəyal kimi görünən tarixi sevinci bizə bəxş etdi və bir daha göstərdi ki…” - Fərid Şahbazlı
Hazırda oxunan: “Prezident xəyal kimi görünən tarixi sevinci bizə bəxş etdi və bir daha göstərdi ki…” - Fərid Şahbazlı
Hazırda oxunan: “Prezident xəyal kimi görünən tarixi sevinci bizə bəxş etdi və bir daha göstərdi ki…” - Fərid Şahbazlı
69077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.