Gəncədə yaşayış evinə edilən basqının bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində Rəşid Abbasova məxsus həyət evində baş verib.
Zərərçəkənin yaxınlarının bildirdiyinə görə, dünən axşam saatlarında R.Abbasov işdən qayıdarkən avtomobilini həyətə saldıqdan sonra qəfildən evin işıqları sönüb.
MÖVZU İLƏ BAĞLI:
Gəncə axundunun qardaşının evinə basqın zamanı yaralandı - Xəstəxanaya yerləşdirildi
Bu zaman evin elektron qapısı bağlanmayıb və basqınçı məhləyə oradan daxil olub. Bunu görə R.Abbasov onunla əvvəlcə qaranlıqda əlbəayaxa olub. Sonradan basqın edən şəxs küt alətlə ev sahibinə bir neçə güclü zərbə endirib.
R.Abbasov güclü zərbələr nəticəsində müvazinəti itirib. Lakin o qışqırmağı bacarıb və səs küydən sonra evə basqın edən şəxs oradan qaçaraq uzaqlaşa bilib.
Xəsarət alan ev sahibi xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırmalara başlanılıb. Məlumat üçün bildirək ki, Rəşid Abbasov İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasovun qardaşıdır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bölgəsi