Leyla Abdullayeva:

Leyla Abdullayeva: "Azərbaycanın təklif etdiyi baza prinsipləri dəyişilməzdir" - MÜSAHİBƏ

Hazırda oxunan: Leyla Abdullayeva: "Azərbaycanın təklif etdiyi baza prinsipləri dəyişilməzdir" - MÜSAHİBƏ

68609

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Əliyeva 6 aprel 2022-ci il tarixində Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşü barəsində Bizim.Media-nın suallarını cavablandırıb.

- 6 aprel görüşü Azərbaycanın diplomatik masada növbəti uğuru kimi qiymətləndirilir. Ümumilikdə Brüssel görüşü Azərbaycan üçün nə ifadə edir?

- Tərəflərin hələ 2021-ci ilin 15 dekabr tarixində baş tutan birgə görüşünün davamı olaraq keçirilən bu görüş, bölgədəki vəziyyətin müzakirəsi, o cümlədən bölgənin təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərinin müzakirəsinə həsr olunub. Görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 9-10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Görüş nəticəsində Aİ Şurasının Prezidenti bəyanat ilə çıxış edib.

Görüş zamanı humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanaraq, Aİ-nin bölgədə aparılan humanitar minatəmizləmə, eləcə də reabilitasiya və rekonstruksiya işlərinə dəstək verəcəyi qeyd olunub. 

Hələ bir il bundan öncə Azərbaycan tərəfindən irəli sürülən təşəbbüs və bir müddət öncə tərəfimizdən təqdim edilən baza prinsipləri əsasında iki ölkə arasında sülh sazişinin hazırlanmasına başlanılması ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinə təlimat verilib. 

İki dövlət arasında sərhədin delimitasiya və demarkasiyasının vacibliyi ifadə edilib və bu xüsüsda, cari ilin aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi razılaşdırılıb.

Beləliklə də, Aİ Şurasının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü, Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır.

- Sonuncu Brüssel görüşü zamanı hər iki ölkənin Xqarici İşlər Nazirlərinin mütamadi görüşü də nəzərdə tutulurdu. İlk belə görüş üçün hansısa tarix varmı?

- Xeyr, hələ ki, belə bir tarix bəlli deyil.

- 15 dekabr tarixli Brüssel görüşü zamanı Ermənistan verdiyi bir çox vədləri yerinə yetirmədi. Mina xəritələrinin verilməsi və ya məzarlıqların yerinin deyilməsi məsələsi var idi. Amma bunu etmədilər. İndi də belə bir öhdəlik götürdülər. 15 dekabr görüşü kimi, söz verib etməyəcəkləri təqdirdə Azərbaycan hansı addımları atacaq?

- Qeyd etdiyiniz kimi, təəssüflər olsun ki, bundan öncə belə hallarla rastlaşmışıq ki, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərə əməl etməyib. Burada məsələnin əsas kökü nədir? – Əgər Ermənistan həqiqətən bölgədə sülh görmək istəyirsə, sülhü təmin etmək istəyirsə, bölgənin sülh şəraitində inkişafında maraqlıdırsa o zaman həm üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək, həm də konkret olaraq, real addımlar atacaq. Bununla bağlı Azərbaycan tərəfi dəfələrlə çağırış edib. Sülh sazişi təklifi də, məhz Azərbaycan tərəfindən irəli sürülüb. Məsələ uzandığı üçün Azərbaycan tərəfindən konkret baza prinsipləri irəli sürülüb. Azərbaycan niyyətinin ciddiliyini kifayət qədər ortaya qoyub. Çağırışımızda budur. Əgər Ermənistan da, həqiqətən bu məsələdə ciddidirsə, konkret addımlar atmaq zamanıdır.

- Baza prinsiplərindən danışmışkən, bu təkliflərdə hansısa dəyişiklik ola bilərmi?

- Xeyr, Azərbaycanın təklif etdiyi baza prinsipləri bəllidir və dəyişilməzdir. 

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO