Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən marşrutlar haqqında məlumatlar artıq çoxdandır “Google maps”ə verilmir.
Bu da ictimai nəqliyyatdan istifadə edən şəhər sakinləri üçün problemlər yaratmağa başlayıb.
Dünyada geniş şəkildə istifadə olunan bu proqram həm də şəhərimizə gələn turistlər üçün bələdçi rolunu oynayırdı.
MÖVZU İLƏ BAĞLI:
BNA sürücülərə cərimə yazmağa davam edəcək? – Ekspert qanuna uyğun olmayanı İZAH ETDİ
Faktı məlumatların yerləşdirilməsində əməyi keçən, “Transit for Baku” altında birləşən bir qrup fəal gənc yayıb. Onların sözlərinə görə, belə davam edərsə, ölkəmizə aid olan məlumatlandırma sistemi “Google” xəritələrdən tamamilə silinəcək.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayevlə əlaqə saxladıq. Mətbuat sözçüsü Bizim.Media-ya vəziyyəti açıqlamada sərnişinlərin məlumat alması üçün alternativ yolu göstərib:
“Sərnişinlər Bakı şəhərində fəaliyyət göstərən müntəzəm marşrut xətləri üzrə zəruri məlumatlar almaq istəyirlərsə “Alo141.az” saytından istifadə edə bilərlər. Bu sayta daxil olaraq, istənilən ünvana hansı marşrut xəttinin getdiyini rahatlıqla öyrənmək mümkündür”.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə məlumatların silinməsi ilə bağlı məsələyə təəssüfünü bildirib.
Ekspert bildirir ki, müvafiq qurumlar bunun baş verməsinə imkan verməməlidir, əks halda:
“Belə elektron məlumatın silinməsi ictimai nəqliyyatdan istifadə edən A nöqtəsindən B nöqtəsinə getmək istəyən Bakı sakinlərinin və qonaqların işini xeyli çətinləşdirəcək. BNA və başqa bütün təşkilatlar nəinki bu işi dəstəkləməli, hətta onun təkmilləşməsi üçün hər şeyi etməlidir. Bakıdakı bütün nəqliyyat problemlərinin həllinin ictimai nəqliyyatın inkişafından və əlçatanlığından keçir”, - deyən ekspert, müvafiq qurumların təcili təzyiq göstərməsinin vacibliyini vurğulayıb.
Səkinə Yusibli, Bizim.Media