Yevlax rayonu Xaldan kənd sakini, 1992-ci il təvəllüdlü II Qarabaş müharibəsi iştirakçısı Pərvin Tamiz oğlu Əzizov veteran statusu ala bilmədiyindən şikayətçidir.
Bununla bağlı Bizim.Media-ya müraciət edən qazinin dediyinə görə, aidiyyəti qurumlar tərəfindən nə qəbul edilir, nə də şikayəti dinlənilir.
MÖVZU İLƏ BAĞLI:
Şəhid ailəsi və Qazi adından istifadə edən dələduzlarla necə mübarizə aparaq?
II Qarabağ savaşında Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətlərində qəhrəmancasına döyüşən Pərvin Əzizov işğaldan azad edilən həmin rayonlara görə ölkə başçısı İlham Əliyev tərəfindən medallarla da təltif olunub. Heç bir yerdən gəliri və dolanışığı olmadığı üçün haqqı olduğu Prezidentin veteranlara ayırdığı təqaüdü almaq istəyir.
Amma getdiyi qapılar üzünə bağlanır:
“Mən anlamıram, Yexlax xəstəxanasında aşbaz işləyən, yaxud Müdafiə Nazirliyində kompüter qarşısında oturan qadın döyüşdə olubmu? Hətta hərbi hissələrdə işləyən qadınlar belə bu təqaüdü alıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinə gedirəm, məni DOST Agentliyinə yönləndirir. DOST Agentliyi də həmçinin...
Qurumların ötür-ötür oyunundan yorulmuşam. Növbəti dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsindən mənə bildirildi ki, xidmət etdiyim orqana yaxınlaşmalıyam. Amma mən o orqanın yerləşdiyi ünvanı tanımıram. Bir sözlə şikayətimə baxan yoxdur. Mənim kimi Yevlaxda bu durumda olan başqa müharibə iştirakçıları da var ki, hərəsinə ayrı “nağıl” oxunur. Çiyərində, qolunda qəlpə gəzdirənlər var ki, onlara qazilik deyil, veteranlıq statusu verildi”.
Pərvin Əzizovun sözlərinə görə hər dəfə aidiyyəti qurumlara üz tutanda fərqli bəhanələr eşidir. Son ümidi kimi Yevlax Rayon İcra Hakimiyyətinə də üz tutan qaziyə qeydiyyata alındığı və müraciətinin nəzarətə götürüldüyü deyilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinə gün ərzində etdiyimiz zənglərə cavab verən olmadı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən qazi veteranlıq statusu ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməlidir.
Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov isə qazinin şikayəti ilə bağlı dolğun məlumat olmadığı üçün araşdırma aparacaqlarını qeyd edib.
Alçina Amilqızı, Bizim.Media