Gəncə avtovağzalının direktorundan HƏYƏCAN TƏBİLİ: “Sərxoşlar, narkomanlar sərnişin daşıyır” 

Gəncə avtovağzalının direktorundan HƏYƏCAN TƏBİLİ: “Sərxoşlar, narkomanlar sərnişin daşıyır” 

Hazırda oxunan: Gəncə avtovağzalının direktorundan HƏYƏCAN TƏBİLİ: “Sərxoşlar, narkomanlar sərnişin daşıyır” 

67461

“Gəncə Beynəlxalq Avtovoğzalında postpandemiya dövründə sərnişindaşıma 50%-dək azalıb. Buna səbəb sərnişinlərin digər şəhər və rayonlara gedişinin azalması deyil. Əsl səbəb qanunsuz yolla sərnişin daşınmadır. Təkcə Gəncə yox, bütün avtovoğzalların ən böyük bəlasıdır bu məsələ”. 

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna Gəncə Beynəlxalq Avtovoğzalının direktoru Namiq Həsənov verib.

Onun sözlərinə görə artıq bütün vasitələrdən istifadə etsələr də bu qeyri qanuni əməllərin qarşısını ala bilmirlər. 

“Dəfələrlə aidiyyatı qurumlara yazılı və şifahi məlumatlar vermişik ki, avtovoğzalın qarşısında, Gəncə Bakı magistral yolunun üstündə kiçik tutumlu VİTO-lar, SPRİNTER-lər, ən əsası da minik avtomobilləri az qala avtovoğzala girən girişə qədər yolları zəbt ediblər. Bəzən avtovoğzalın avtobusları belə əraziyə daxil olmaqda çətinlik çəkirlər. Həmin o yollarda dayanan sürücülər isə sərnişinlərin avtovoğzala girməyə heç imkan da vermirlər. Çox böyük bir problemlə üzləşmişik. Heç kim bu qeyri qanuniliyin qarşısını ala bilmir” deyə N.Həsənov söhbətinə davam edir. 

Avtovoğzalın direktorunun fikrincə, bu məsələni yoluna qoymaq üçün nəqliyyat departamentinə həmin qeyri qanuni sərnişin daşıyan maşınların sürücülərini cərimə etmək hüququ verilməlidir ki, həmin sürücülər bir neçə dəfə cərimələndikdən sonra bu əməllərindən əl çəksinlər.

Namiq Həsənov həmin nəqliyyat vasitələrini idarə edənlərin yola çıxan zaman sağlamlığı və fiziki vəziyyəti, ayıqlılığı heç kim tərəfindən yoxlanılmır:
 

“Həmin avtomobillərin sürücüləri bəzən bir gündə dayanmadan 2-3 reys edirlər. Sərnişin olanda yorğunluğa baxmayaraq yola çıxırlar. Bəzən onlar arasında içkili və ya narkotik vasitənin təsiri altında olanlar da olur. Bunu heç kim yoxlamır.


Onlar da sərbəst olduqlarından necə gəldi avtomobili idarə edirlər. Təbii ki, bununla da sərnişinlərin həyatlarını təhlükə altına atırlar. Amma avtovoğzallardan xəttə şıxan hər bir avtobus texniki baxışdan keçir, sürücülər isə həkim nəzarətindən keçdikdən sonra reysə çıxmaqlarına icazə verilir. Belə olan halda yollarda baş verə biləcək hər hansı bir hadisədən sərnişinlər maksimum sığortalanırlar” deyə Namiq Həsənov əlavə edib.

Avtovoğzalın rəhbəri qeyri-qanuni sərnişin daşınma ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etdiyini deyir. Onun sözlərinə görə hazırda ölkənin bütün avtovoğzallarında bu böyük problem yaşanmaqdadır və həll olunmur:

“Biz dəfələrlə bir yerdə toplaşaraq bu məsələnin müzakirəsini aparmışıq. Hər görüşdə müxtəlif təkliflər və ideyalar səsləndirilir. Amma görünən budur ki, nə qədər ki, bu məsələlər qanun çərçivəsində tənziçlənməyəcək avtovoğzallar qanunsuz sərnişin daşınması problemindən yaxa qurtara bilməyəcəklər. Bu məsələdə hesab edirəm ki, güc strukturları da yardımçı olmalı, qanunu pozanları cəzalandırmalıdırlar ki, bu problem öz həllini tapsın”.
 

Namiq Həsənov hazırda müasir tipli Gəncə Beynəlxalq Avtovoğzalında Bakıdan başqa 24 şəhər və rayona gün ərzində müxtəlif qrafiklərlə 110 yaxın reysin həyata keçirildiyini bildirir. Onun fikrincə pandemiya dövründən sonra bu rəqəm xeyli artmalı idi.


Belə ki, əvvəllər təkcə Bakı şəhərinə gün ərzində 24-26 avtobus reyslər edirdisə indi bu rəqəm 10-12 təşkil edir:

“Yeni, müasir Gəncə Beynəlxalq avtovoğzalının tikildikdən sonra avtobusların da vəziyyətinə nəzər salmağa başlamışıq. İstismar müddətini bitirmiş nəqliyyat vasitələrini reyslərə buraxmırıq ki, sərnişinlər üçün rahat və komfort avtobuslar olsun. Buna baxmayaraq yenə də qeyd edirəm ki, avtovoğzalların qarşısındakı qanunsuz sərnişin daşinma ləğv edilməsə, ölkədə bu sahədə problemlər qalmaqda davam edəcək”, - deyə direktor bildirdi.

Məqsəd Rəhimov, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO