Azərbaycanda kim daha çox psixoloqa müraciət edir, qadınlar, yoxsa kişilər?
Belə bir sualla Bizim.Media iki ünlü psixoloqla fikir mübadiləsi aparıb. Son zamanların statistikası göstərir ki, cəmiyyətdə psxoloji sarsıntı artıb. Bunun müxtəlif qaynaq səbəbləri var. Azərbaycan cəmiyyətində qadınlar dərdini rahat danışan olsa da kişilərə bunu şamil etmək olmaz.
Belə olan halda bəs, nə baş verir?
MÖVZU İLƏ BAĞLI:
Cəmiyyətdə aqressivlik niyə dəbdədir? – Psixoloqdan maraqlı AÇIQLAMA
“Falçılara üz tutmaqdansa, psixoloqa müraciət etmək, normal şəxsiyyətə xas addımdır”, – deyən psixoloq Samirə Bağırova bildirib ki, əvvəllki zamanla müqayisədə artıq bəylər də psixoloqa müraciət etməyə başlayıblar:
“Müsbət bir haldır ki, insanlar dərk etməyə başlayıblar ki, psixoloqa yalnız dəlilər deyil, normal, sivil insanlar da müraciət edə bilər.
Ümumiyyətlə, yanlış düşüncəyə sahib insanlardan, yanlış məsləhətlər almaqdansa, yaxud narahat durumda olarkən falçılara üz tutmaqdansa, psixoloqa müraciət etmək lazımdır. Normal şəxsiyyət kimi inkişaf etmiş insan duyğuları ilə, özü ilə baş etməyi psixoloqdan öyrənir və bu işdə də ona professional baxımdan yardımçı ola biləcək şəxs tək psixoloqdur”.
Samirə xanım bildirir ki, psixoloqa gedən yol sağlam düşünmək məqsədi ilə seçilən yoldur. Həyata, özünə, çevrəyə baxış açısını dəyişməkdə yalnız peşəkar psixoloq kömək edə bilər:
“İstər kişi olsun, istərsə qadın, yəni önəmli olan cinsiyyət məsələsi deyil duyğulardır. Qadınlarda olduğu kimi, kişilər də təbii ki, eyni duyğulara sahibdirlər. Onların da ürəyi, emosiyaları, baş edə bilib ya bilmədikləri, zəif və güclü tərəfləri vardır. Sadəcə onların işi bir az daha çətindir.
Xanımlar daha emosional, hiss etdiklərini, yaşadıqlarını danışmağa meyillidirlər. Bəylər isə xanımlara nisbətən emosiyalarını nəzarətdə saxlamağı bacarırlar, hətta özlərini hissləri boğmağa məcbur edirlər və bu da çox zaman təsirsiz ötüşmür.
Zamanla əsəbilik, yuxu pozuntusu, gizli depressiya, takıntılar, cinsi zəiflik və s. kimi bir sıra psixoloji problemlər ortaya çıxmış olur. Yaşından asılı olmayaraq hər kəsin mütləq yaşadıqları bir şeylər var. Psixologiya isə bizim ruh aləmimiz, əhval- ruhiyyəmizdir. Ruhu sağlam olanın isə həmişə hüzuru olur”.
Qadın və kişilərin psixoloqa müraciətləri 70/30 nisbətindədir. Belə bir iddia ilə isə Bizim.Media-ya açıqlamasında psixoloq Ayşən Orucova çıxış edib. Bildirib ki, son illlərdə kişilərin müraciətlərində nisbətən artım olsa da, bu qadınları üstələyəcək səviyyədə deyil:
“Öz təcrübəmdə müşahidə edirəm ki, müraciət edənlərin əksəriyyəti qadınlar olur. Psixoloji sağlamlıq baxımdan qadınların fərqindəliyi və özlərini yaxşılaşdırmaq və inkişaf etdirmək cəhdi daha yüksəkdir. İstər şəxsi inkişaf, ailə-məişət mövzuları istərsə də digər psixoloji narahatlıqlar daha diqqətli yanaşıb müraciət edirlər.
Kişilər isə azlıq təşkil edir. Kişilər daha çox 30 yaşa qədər şəxsi inkişaf və psixoloji narahatlıqlar üçün, 30 yaş sonrası isə ailədaxili və şəxsi münasibət mövzusunda müraciətlər olur. Ümumən isə öncəki illərə nəzərən insanlar daha çox psixoloji dəstək almağa meyillidir”, -deyə Ayşən Orucova fikrini tamamlayıb.
Leyla Şah, Bizim.Media