Milli Məclisin deputatı, İqtisadi siyasət komitəsinin üzvü, iqtisad elmləri doktoru, professor, Azərbaycan Texniki Universitetinin kafedra müdiri Rüfət Quliyev Sfera.az-a müsahibə verib.
Bizim.Media Millət vəkili ilə söhbəti təqdim edir:
- Rüfət müəllim, açıqlamalarınızın birində maaşınızdan narazılıq bildirməsəniz də ümumi olaraq deputat maaşının yüksək olmadığını demişdiniz. Həm də iqtisadçı kimi fikirinizi alaq, millət vəkilinin aylıq maaşı hansı aralıqda olsa, daha yaxşıdır?
- Hər kəs istəyər ki, maaşı yüksək olsun, bu, birmənalıdır. Lakin nəzərə almalıyıq ki, elə ölkələr var ki, orada deputatların maaşı bizim maaşdan da aşağıdır. Elə ölkələr də var ki, millət vəkillərinin maaşı bizim maaşdan iki-üç dəfə artıqdır. Hər bir ölkənin fərqli həyat tərzi var. Dünyada varlı ölkələr deyə bir qruplaşma var. Məsələn, elə Norveçin 1 trilyon 400 milyard dollardan artıq ehtiyat fondu və 5-6 milyonluq əhalisi var. Belə bir ölkənin maaşını Azərbaycanla müqayisə etmək düzgün olmazdı. Deputat maaşının artırılmasına gəlincə, biz bu gün də müharibə şəraitindəyik və ən mühüm məsələ işğaldan azad olunan torpaqlarda quruculuq işlərinin görülməsidir.
- Sosial şəbəkələrdən istifadə etmirsiniz, səbəbini bilmək olar?
- Sosial şəbəkələrdən istifadə etməyə zamanım yoxdur. Hər bir millət vəkilinin sosial şəbəkələrə çıxışı var. Mənim sosial şəbəkələrə çıxışım jurnalistlərdir, mediaya kifayət qədər açığam. Bəzən elə hallar olur tədbirlərdə və s. oluram jurnalistlərin zənglərinə anında cavab verə bilmirəm. İstəyirəm insanlar bilsin ki, millət vəkili də insandır, onun da ailəsi var. Deputat da istirahət edir, toya gedir, dostu da var, düşməni də. Biz İlahi qüvvə deyilik.
"Hansı nazir, yaxud nazir müavini kafedə oturub çay içir?”
- Bir dəfə həmkarınız Tahir Kərimli demişdi ki, problemlərimizi səsləndirməkdən qorxuruq ki, camaat bizi söyər. Sizcə, millət vəkillərinə qarşı bu cür aqressiyanın olması nədən qaynaqlanır?
- Millət vəkilləri insanlarla ən çox təmasda olan liderlərdəndir. Neçə dövlət məmuru, nazirlə rahat söhbət edə bilirsiniz? İnanıram ki, ən asan təmas deputatlarla qurulur. İnsanların bizə qarşı kifayət qədər aqressiyası ona görədir ki, daha əlçatan və daha çox danışanlar millət vəkilləridir. Bəzən hansısa kafedə oturub çay içəndə insanların müəyyən problemlərinin olması ilə rastlaşıram və elə olur ki, mənim seçicim olmasalar da aidiyyatı üzrə yönəldirəm. Lakin baxaq, hansı nazir, nazir müavini, şöbə müdiri bəlli bir kafedə oturub çay içir, insanlarla söhbətləşir? Demək olar ki, xalq onları tanımır. Tanınan şəxslər ancaq millət vəkilləridir. Buna görə də tənqid atəşinə, aqressiyaya biz daha çox rast gəlirik.
- Millət vəkili olaraq təcrübənizdə sizə aid olmayan və ən yadda qalan maraqlı müraciət hansı olub?
- Əslində belə hadisələr çox olur. Bir dəfə başqa bir deputatın seçicisi mənə müraciət edib dedi ki, ona aid olan torpaq sahəsinin yanında başqa bir ərazinin sahibinə təsir göstərim. Demişdi ki, həmin şəxsə deyin ki, o torpağı onun üçün ayırsın. Müraciət nə qədər qəribə olsa da, qarşı tərəflə danışdım və bəlli oldu ki, torpaq sahibi buradan gəlir əldə edir. Onda müraciət edən adamın cavabı belə olmuşdu ki, "Siz deputatsınız, gücünüz çatmır ona?”
- Bu yaxınlarda deputatların təhdid edilməsi ilə bağlı məsələ aktuallaşmışdı. Maraqlıdır, Rüfət Quliyev də təhdid edilibmi?
- Deputatlıq dönəmimdə yox, kommersiya ilə məşğul olduğum dönəmlərdə şantaj olunmuşam. O zaman da hüquq-mühafizə orqanlarına şikayətimi bildirmişəm.
"ABŞ-da 70 yaşlı şəxs prezident seçilə bilər, bizdə deputat seçilə bilməz?”
- Əksər hallarda parlamentdə yaşlı deputatların təmsil olunmasının düzgün olmadığını deyib, illərlə davamlı mandat qazanan deputatlara irad bildirirlər. Millət vəkili üçün yaş məsələsi nə qədər aktualdır?
- Nə üçün 70 yaşında siyasətçi ABŞ prezidenti seçilə bilər, 80 yaşlı şəxs ABŞ-da siyasi fəaliyyətlə məşğul ola bilər, Azərbaycanda yox? Bizdə də 70-80 yaşında insan siyasətlə məşğul ola bilər. Lakin burada proposianallıq və gender faktoru var.
"Elə deputat var ki, 80 mövzuda açıqlama verir, mən elə deyiləm”
- Sizcə bizim 80 yaşlı deputatlarımız ABŞ-ın 70 yaşlı prezidenti kimi aktiv fəaliyyət göstərə bilirlər?
- Bəzi yaşlı deputatlar var ki, onlar parlamentdə aktiv işləməsələr də, seçicilərlə aktiv işləyirlər. Məsələn, mən il ərzində parlamentdə plenar iclaslarda 5-6 dəfə çıxış edirəm. Lakin komitə iclaslarında kifayət qədər aktivəm. Elə deputat var ki, bir iclasda 5 dəfə mənasız çıxış edir. Qızıl ortanı tutmaq lazımdır. Bəzən iclaslarda çox danışan deputatları aktiv sayırlar, Rüfət Quliyevi isə yox. Bu, yanlış fikirdir. Elə deputat var ki, 80 mövzuda açıqlama verir. Baxırsan ki, eyni millət vəkili astrologiyadan da danışır, tibbdən də. Yaxud da. bəzən deputatlar pafoslu çıxışlar edirlər. Mən bu gün deyim ki, bütün işçilərin maaşı 5 dəfə artsın. Axı bu, iqtisadi baxımdan mümkün deyil. Bazar iqtisadiyyatı şəraitində yaşayırıq, insan qabiliyyəti kobud da səslənsə, alınıb-satılır.
- Maraqlıdır, Rüfət Quliyev növbəti parlament seçkilərində də namizədliyini irəli sürəcəkmi?
- Hələ seçkilərin keçirilməsinə çox var. Sizinlə bir xatirəmi bölüşüm. 36 yaşımda mən Azərbaycanda ən böyük müəssisənin başında idim. Atam onda mənə dedi ki, ona maraqlı deyil ki, mənim xarici maşınım var. Mənə bildirdi ki, elmlər doktoru olmalıyam. Mən onun bu arzusunu da reallaşdırdım. Bəzən mənim elmimi şübhə altında qoyurlar. Lakin haqqımda olan məlumatlara açıb baxsınlar, 300 əsərim var. Əvvəllər planımda var idi ki, təqaüd yaşım çatanda ali məktəbdə dərs deyərəm. Dünya elə dəyişdi ki, mən deputat oldum. Ona görə də indi bir neçə il sonra namizədliyimi irəli sürüb-sürməyəcəyimi deyə bilmərəm. Bu qərarı parlament seçkilərinə 7-8 ay qalmış verəcəm.
- Rusiya və Ukrayna arasında davam edəcək uzunmüddətli müharibənin iqtisadi baxımdan dünya üçün təhlükəli olacağı bildirilir. Davam edəcək müharibənin Azərbaycana nə kimi əks təsirləri ola bilər?
- Pandemiyadan qabaq Rusiyadan Azərbaycana 1 milyard yarım dollar pul köçürülürdü. Bu məbləğ Rusiyada yaşayan azərbaycanlıların əməyi hesabına, onların asiləsinə gəlirdi. Bu rəqəmdən təxminən 3-4 dəfə az olmaqla, bəlli bir məbləğ isə Ukraynadan göndərilirdi. Müharibə nəticəsində indi bu pulların gəlməsi dayanıb.
Ukrayna və Rusiya dünya bazarında taxılın 30 faizinə sahibdirlər. Bu o deməkdir ki, dünya 30 faiz taxıl qıtlığı ilə üz-üzədir. Rusiyaya tətbiq olunan sanksiyaların Azərbaycana da təsiri olacaq. Hər şeydən öncə daşınma xərcləri qalxacaq. Bir çox qida məhsulları bizə Rusiya və Ukraynadan gəlirdi. İndi gərək alternativ ölkə axtaraq. Bəzən neftin qiymətinin artmasına sevinirlər. Buna sevinmək qeyri-professionallıqdır. Neft-qaz ixracatı ilə məşğul olan ölkələr üçün əsas məsələ odur ki, neftin qiyməti nisbətən stabil olsun. Nefti satmaq lazımdır, alıcılar nefti ala bilməlidir. Qiymətin artmasına sevinməyi sadəlövhlük hesab edirəm. Biz ağıllı şəkildə neft və qazdan gələn pulları istifadə edirik. Müharibə tezliklə dayandırılmalıdır.
- Dünyadakı rusdillilərin hamısının həmvətən kimi tanınması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib. Necə düşünürsünüz, Rusiya bütün rusdilliləri "həmvətən” adlandırmaqla nəyə nail olmağı istəyir?
- Rusiya parlamentinin aparıcı üzvü ilə fevralın sonu Belarusiyada söhbətim oldu. Onun müharibə ilə bağlı qəribə arqumentləri var idi. ABŞ-ın Suriyaya, İraqa, Yəmənə girməsinə susan dünya nümunə gətirildi. Bütün bəşəriyyət ayılmalıdır və beynəlxalq qanunlar hamı üçün eyni qaydada işləməlidir. Bu gün dünyadakı nüvə raketlərinin 25 faizi işə düşsə, Yer Kürəsi öz oxundan çıxacaq. Dünyada o qədər nüvə silahı var ki onlar işə düşsə, hər tərəf 50 dəfə toza sovrular. Bəşəriyyət bunu başa düşməlidir.
"İcra başçısına buna görə zəng etmişəm, deyib ki, "baş üstə”...
- Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi də sizin mövqeyiniz maraqlıdır. Müharibə yaxın zamanlarda sonlanarsa, Ukraynadan Azərbaycana təxliyə olunan soydaşlarımızın böyük əksəriyyəti Ukraynaya qayıdacaqmı?
- İlk növbədə qeyd edim ki, Azərbaycan bütün etnik azərbaycanlıların vətənidir. Lakin təbii olaraq müharibə bitsə, soydaşlarımız geri qayıtmaq istəyəcək. Onların əksəriyyətinin Rusiya və Ukraynada biznesi var və bununla ailə dolandırırlar. Ukrayna azərbaycanlılar üçün Türkiyədən sonra ikinci doğma ölkədir. Buna görə düşünürəm ki, onlar geri qayıdacaq. Hazırda biz Milli Qəhrəman Seryogin Viktor Vasilyeviçin ailəsini Xarkovda bombanın altından çıxarıb Azərbaycana gətirmək üçün çalışırıq. Xəzər rayonun başçısına da bu xüsusda zəng etmişəm, deyib ki, baş üstə, araşdıraq, qanunlar çərçivəsində yardım edək. Biz heç kimi yaddan çıxarmırıq.
- Bir ara Ukraynaya səfir göndəriləcəyinizlə bağlı məlumatlar yayılmışdı. Bu, Elmira Axundova ilə münasibətlərinizə təsir etmədi? Yeri gəlmişkən, xanım səfirlə əlaqəniz var? Səhhətinin yaxşı olmadığı bildirilirdi...
- Elmira xanımla münasibətlərimiz əladır, bayramlarda da danışırıq. Onunla ən son Novruz bayramında danışmışıq, yaxşı idi.
- Azərbaycan Texniki Universitetində kafedra müdiri olaraq fəaliyyət göstərirsiniz. Təcrübənizdə rüşvət təklif etmək istəyən tələbə olub? Olubsa, reaksiyanız da maraqlıdır...
- Bu gün ali məktəblərdə elə şərait yaradılıb ki, rüşvət vermək üçün mexanizm yoxdur. Tələbələr onlayn qaydada imtahan verir. Rüşvətxorluq o halda yaranır ki, sən özün də nə vaxtsa rüşvətə üz tutmusan. Bu gün tələbələrimin içərisində tanınmış insanlar, hətta general da var. Onlar məni yolda və s. görəndə də hörmətlə yad edirlər.
"Oqtay Əsədov spiker olmamasını qəbul edə də bilər, etməyə də...”
- Ötən il BNA rəhbəri Vüsal Kərimli ilə problem yaşamışdınız. Bunu parlamentdə etiraf etdikdən sonra yenidən sizə zənglər gəldimi? Münasibətlər hazırda necədir?
- Münasibətlərimiz yenə də gərgin olaraq qalır. O, bu günə qədər məndən üzr istəməyib. İki il əvvəl mən onlara müraciətimdə bildirmişdim ki, harada, necə gəldi insanların şəklini çəkib cərimələməkdən qabaq yollarda dayanacaqlar təşkil edilməlidir. İnsanları ən çox incidən qurumlardan biri də BNA idi. İndi biz bilirik ki, şikayət və təkliflərimizi kimə bildirəcəyik. Bundan başqa İcbari Tibbi Sığorta Agentliyinin fəaliyyətindən də narazıyam.
- Parlamentdə təəssüf ki bəzi deputatların səsini eşidə bilmirik, elə üzünü görmədiyimiz də var. Məsələn, Oqtay Əsədov...
- Oqtay müəllimlə ünsiyyətim var. O, ağsaqqal adamdır, 15 il spiker olub. Bu gün bütün dünyada dəyişikliklər gedir, biz bu dəyişiklikləri qəbul edə də bilərik, etməyə də. Oqtay Əsədovda da vəziyyət belədir. Bəşərriyyətin qanunudur ki, yaşlılar getməli, gənclər gəlməlidir. Lakin gənc kadrlar da yaşlıların təcrübəsindən istifadə etməlidir.
- Tarif Şurası yaxın zamanlarda suyun qiymətinin yenidən nəzərdən keçiriləcəyini deyib. Necə düşünürsünüz, qiymətlərin artma ehtimalı varmı?
- Mənim su ilə bağlı fikrim bir qədər fərqlidir. Bizdə həqiqətən perspektivdə su qıtlığı var. Düzdür, mən Azərsu ASC-ni illərlə tənqid etmişəm. Bu gün o qurumun 8 milyard manat borcu var. 10 il içində 145 milyon manat qazancı olan müsəssisə 8 milyard manat borca girib. Özü də borcların çoxu xarici banklaradır. Lakin 21-ci əsrdə su ilə bağlı mənzərə fərqlidir. Suyun qiymətini artırmaqla qənaət etmək olmur. Texniki su ilə içməli suyun qiymətinin arasında xeyli fərq var. Elə etməliyik ki, texniki suyu içməli suya çevirək.
"Harada aş, orada başam...”
- Cənub zonasından olduğunuz məlumdur, deyirlər, cənub camaatı digər bölgələrə nisbətdə daha çox dindar olur. Rüfət Quliyevin dinlə arası necədir? Namaz qılıb, ziyarətlərə gedirsinizmi?
- Mən Allaha inanıram, lakin durub deyə bilmərəm ki, seyid-peyğəmbər övladıyam. Namaz da qılmıram, ziyarətlərə də getmirəm. Elə adamlar var ki, baxırsan ki, ətəyində namaz qılmaq olar. Sonradan onun haqqında elə sözlər eşidirsən ki, təəccüb etməyə bilmirsən. Ən böyük ibadət insanlara kömək etmək, xalqa, dövlətə sədaqətdir.
- Dindən söz düşmüşkən, qarşıdan Ramazan ayı gəlir. Oruc tutacaqsınızmı?
- Xeyr, gündəlik olaraq bəzi dərmanları qəbul etməli olduğum üçün oruc tutmaq məndə alınmır. Quranda da yazılıb ki, insanın səhhəti oruca yol verməlidir.
- Məzuniyyətə elə bir zaman qalmayıb. Yayda adətən istirahət üçün hara üz tutursunuz?
- Pandemiyadan öncə övladlarım xaricdə yaşayıb, orada işləyirdi. O zamanlar istirahəti birgə keçirmək üçün başqa ölkələrdə olurdum. Lakin indi Azərbaycanda bağ evində ailəmlə dincəlirəm. Mənim "palatka” toylarından çox xoşum gəlir. Necə deyərlər, harada aş, orada başam. Gedib o toylarda sağlıq da deyərəm, xeyir-dua da verərəm. İstirahət üçün mənə Azərbaycan, Lənkəranım doğmadır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:22 / 30.03.2022
Azərbaycanlı deputat: “Harada aş, orada başam..." – MÜSAHİBƏ
Hazırda oxunan: Azərbaycanlı deputat: “Harada aş, orada başam..." – MÜSAHİBƏ
Hazırda oxunan: Azərbaycanlı deputat: “Harada aş, orada başam..." – MÜSAHİBƏ
67144
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.