10 il əvvəl Bakı şəhərindəki dayanacaqlarda avtobusların gəlmə intervalını göstərən informasiya terminalları quraşdırılmışdı. Hansı ki, sərnişinlər bu monitorlar vasitəsilə avtobusların neçə dəqiqədən bir dayanacağa yaxınlaşacağını rahatlıqla müşahidə edirdilər. Bu da onların işini xeyli asanlaşdırırdı.
Sonradan sözügedən monitorların fəaliyyəti Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən ləğv olundu və beləliklə informasiya terminallarının fəaliyyəti də tarixə qovuşdu.
Ancaq həmin monitorlar dayanacaqlarda yenə də toz basmış asılı vəziyyətdə qalıb. İşlək olmayan monitorlar illərdir ki, aidiyyəti qurumlar tərəfindən nə götürülür, nə də işə salınır.
Vaxtilə informasiya vermək xüsusiyyəti baxımından əhəmiyyətli rola malik olan bu monitorların əvəzinə başqa informasiya terminalları da quraşdırılacaqdı. Hansı ki, illər əvvəl Bakı Nəqliyyat Agentliyi işlək olmayan monitorların dayanacaqlardan yığışdırılacağı əvəzində yeni və müasir informasiya lövhələrinin quraşdırılacağını bəyan etmişdi. Amma bu sahədə də işlər yarımçıq qaldı.
Məlumat üçün bildirək ki, Bakıda avtobusların gəlmə intervalını göstərən monitorların quraşdırılması üçün Cənubi Koreyanın “SK C&C” şirkəti ilə razılıq 2008-ci ildə əldə olunub.
MÖVZU İLƏ BAĞLI:
Bakının “Bakıkart” dərdi ....
BNA ona tapşırılan işləri yola verir, sahibkarı sıxışdırır – İDDİA
Amma onun gətirilməsi və quraşdırılması 2012-ci ildə reallaşıb. Amma onların fəaliyyəti qısamüddətli olub.
Vaxtilə paytaxtın 1200 dayanacağından 611-də monitor quraşdırılıb. Onlardan 400-dən çoxu sistemə inteqrasiya olunub. Qalan digər monitorlar isə sistemə salınmayıb. Bu monitorların hər biri dövlətə təxminən 10 min dollara başa gəlib. Ən dəhşətlisi isə odur ki, bu monitorlar çox asanlıqla da sıradan çıxıb.
Bizim.Media-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev monitorların dayanacaqlardan yığışdırılması səlahiyyətinin artıq Daxili İşlər Nazirliyinə aid olduğunu deyib.
Adıçəkilən qurumun KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə sorğumuza belə cavab verib:
“Avtobus dayanacaqlarında hərəkət marşrutları ilə bağlı məlumatların onlayn təminatının təşkil olunması ilə bağlı tədbirlər görülür. Diqqət ona yönəldilib ki, bu sahədə hərəkət iştirakçılarının rahatlığı tam təmin edilsin.
Rəqəmsal sistemin fəaliyyəti ilə yanaşı, paytaxtda parklanma, işıqforun tənzimlənməsinin və digər zəruri halların vahid mərkəzdən idarə olunması üçün işçi qrupu çalışır. Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində yaradılacaq yeni publik hüquqi şəxs, başqa sözlə, ixtisaslı qurum tərəfindən fəaliyyətin səmərəli təşkili nəzərdə tutulub. Həmin qurumun səmərəli fəaliyyət göstərməsi üçün Daxili İşlər Nazirliyinin müvafiq stukturu ilə birgə işlər aparılmaqla, nəqliyyat sahəsində idarəetmə tam tənzimlənəcək”.
Alçina Amilqızı, Bizim.Media