Çimnaz Əliyeva: “Muzeyin yaradılmasında Əbülfəz Qasımovun rolu olmayıb”
“Vaxtilə Ağdamda olan “Çörək Muzeyi”nin yaradılmasında publisist, dramaturq Əbülfəz Qasımovun rolu olmayıb. Yalnız təbliğat işlərində köməyi dəyib, məqalələr və kitablar yazıb”.
Bunu Bizim.Media-ya açıqlamasında əməkdar mədəniyyət işçisi Çimnaz Əliyeva bildirib.
O deyir ki, Əbülfəz Qasımovun oğlu, professor Natiq Qasımov Lider televizisiyasında verlişlərin birində atasının Ağdam “Çörək Muzeyi”nin yaradıcı şəxslərindən biri olduğu kimi təqdim edib:
''Bu, təhrif olunmuş informasiyadır. Bilirsiniz ki, dünyada iki “Çörək Muzeyi” olub. Biri Almaniyanın Ulm şəhərindədir. 1983-cü ildə onun əsasında Ağdamda da “Çörək Muzeyi” açdıq. İdeya müəllifi isə Sadıq Murtuzayev olub''.
''Muzeyin ilk direktoru jurnalist Allahverdi Əsədov idi. Sonra bu vəzifəyə Ofeliya Zeynalova gətirildi. Hər ikisi muzeyin fəaliyyət göstərməsində böyük təşəbbüs göstəriblər. Mənim özüm Ağdam rayon mədəniyyət şöbəsinin müdiri olmuşam. Muzeyin bütün təşkilatı işlərində yaxından iştirak etmişəm. İndi durub efirdən səsləndirir ki, muzeyi atam yaradıb, nələrsə edib. Bununla o, digərlərinin haqqına girmiş olur. Biz nə qədər ki, sağıq, “Çörək Muzeyi” ilə bağlı istənilən dəqiq informasiyanı verə bilərik. Başqa adamların yalnış təbliğat aparmaqlarına ehtiyac yoxdur''.
Çimnaz Əliyeva sözünə istinadən internet resurslarında axtarış edərkən Əbülfəz Qasımovun “Çörək Muzeyi”nin yaradıcısı kimi keçdiyini gördük.
Məsələ ilə bağlı araşdırmamız davam edəcək.
Gülşanə Mustafayeva, Bizim.Media