Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumata verilib.
Zərərçəkən Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edərək evdən televizor və digər məişət əşyalarının oğurlandığını bildirib.
Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin qəsəbədə yaşayan daha 2 sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən məişət əşyalarının oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov və Zaur Əliyev saxlanılıblar.
Onlar izahatlarında etdikləri oğurluqları etiraf ediblər. Araşdırmalar zamanı dəstə üzvlərinin Sabunçu rayonunda daha 3 evdən oğurluq etdikləri müəyyən edilib.
Qeyd edək ki, Qurban Məhərrəmov və Zaur Əliyev evlədən oğurladıqları televizorları tanışları Müşfiq Həmidovun köməkliyi ilə onlayn alış-veriş saytlarına yerləşdiriblər.
Orada həmin əşyaları sataraq əldə etdikləri pulu aralarında bölüblər. Müşfiq Həmidov da polislər tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bizim.Media