ƏDƏBSİZ TƏKLİF və ya tək yaşayan qadınlara niyə kirayə ev vermirlər?

ƏDƏBSİZ TƏKLİF və ya tək yaşayan qadınlara niyə kirayə ev vermirlər?

Hazırda oxunan: ƏDƏBSİZ TƏKLİF və ya tək yaşayan qadınlara niyə kirayə ev vermirlər?

65522

Evsizlik müasir günümüzdə çoxlarının problemidir. İstər gənclər, istərsə də evli şəxslər olsun çıxış yolunu kirayə evlərdə görürlər. Lakin çox zaman insanın şəxsi evinin verə bildiyi istiliyi, rahatlığı kirayə evlər verə bilmir. Bəzən buna evin şəraiti, bəzən isə ev sahibinin yaratdığı maneələr səbəb olur. Ən əsası isə tək yaşayan, boşanmış qadınlar kirayə ev axtararkən böyük çətinliklərlə rastlaşırlar. 

“Ölkədə həyat yoldaşını itirmiş, uşağı tək böyüdən xeyli sayda boşanmış insan var. Amma kirayə ev elanlarına zəng vurursan, yalnız ailəyə veririk deyirlər. Bayaq elanlara baxıram, cəmi bir nəfərin yaşamağı üçün uyğun olan mənzilə də ailə tələbi qoyulur. Tək adamlar harada yaşamalıdır bəs?”, - deyə şikayətini dilə gətirən Gülnarə İlham həyat şərtlərinin çətinləşdiyi bir zamanda kirayə probleminin onlara 2 qat dərd olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Boşananlar niyə TƏNHA qalmalıdırlar ki? – Psixoloqdan ETİRAZ


Kirayə evlərin alqı-satqısını təşkil edən, vasitəçi şəxs olan Bəxtiyar Əliyev Bizim.Media-ya açıqlamasında bildirir ki, kirayə evlərin verilməsi prosesində təkcə əziyyət çəkən qadınlar deyil: 

“Əsasən tək yaşayan qadınlara evlərin verilməməsinin səbəbi onların gəlir yerlərinə, maddi vəziyətlərinə görədir. Çoxunun daimi iş yeri olmur və sonradan aylıq kirayə haqqlarının verilməsində gecikmə halları baş verir. Buna görə də çox ev sahibi qadınlara ev verməyə çəkinir. Həmçinin tək yaşayan, boşanan qadınlara qarşı cəmiyyətdə bəzi streotiplər var. Bəzi qadınların “anamla yaşayacağam” kimi şablon cümləsi var, amma məsələnin həqiqi tərəfinə baxanda görmək olur ki, anadan başqa evə hər cinsdən olan adam gəlir, gedir. Bu kimi hallar qonşuların narazılığına da səbəb olur.
 

Ümumiyyətlə tək qadınlar yox, kişilər üçün də bu qaydalar keçərlidir. Gərək ev axtaran şəxslər də ev sahibində inam hissini yaratsınlar”. 


Vasitəçi həmçinin qeyd edir ki, normal təəssürat bağışlayan, evi, gəliri olan şəxslər, ailələr ev axtararkən onlara heç bir maneə yaradılmır. 

“Kirayə evlərlə bağlı qanunvericilik Mülki Məcəllə ilə təsbit olunsa da, bu sahədə müəyyən qədər çatışmazlıqlar var”- deyə, Bizim.Media-ya qeyd edən əmlak üzrə ekspert Ramil Qasımzadə kirayə ilə bağlı mexanizmdə hər iki tərəfin hüquqlarının pozulduğunu bildirib: 

“Çox zaman kirayə ilə bağlı mexanizmdə hər iki tərəfin (icarəyəverən və icarədar) hüquqlarının pozulmasının şahidi oluruq. Bir çox hallarda kirayəyə ev verən sahibkarlar tək yaşayan həm qadın, həm kişilərə, tələbələrə ehtiyatla yanaşırlar. Bunu evin natəmiz saxlanılması, kirayəşinin vaxtında aylıq haqqını ödəməməsi, evdən təyinatı üzrə istifadə etməmək kimi məsələlərlə əlaqələndirirlər.

Amma yaranan problemlərin çox hissəsi kirayə müqavilələrinin bağlanılmamasına görədir. Kirayə müqaviləsi bağlandığı təqdirdə, hər iki tərəf öz məsuliyyətlərini daha yaxşı bilir və hiss edir. Təəssüflər olsun ki, aylıq kirayə dəyəri 1000 manata qədər olan evlərin bir çoxu müqavilə olmadan tutulur, yəni şifahi danışıq əsasında razılıq əldə edilir. Bunlar da daha sonra evdən vaxtsız çıxarma, kirayə haqqını ödəməmə kimi problemlərə yol açır”.

Ekspert həmçinin rəsmi müqavilələrin vacibliyindən danışaraq bildirib ki, əmlak vergisinin azaldılması bu problemlərin həllində böyük rol oynaya bilər: 
 

“İcarə müqaviləsinin bağlanılmamasının digər səbəbi vergi ilə bağlıdır.  Bu müqaviləyə əsasən, sahibkardan icarə vergisi 14% tutulur. Ona görə də çox zaman vergidən yayınmaq məqsədi ilə rəsmi müqavilə bağlanılmır.


Yaxşı olardı ki, hökümət tərəfindən əmlak vergisinin dərəcəsi aşağı salınsın. Bununla da həm kirayəşin, həm də icarədar rahatlıqla rəsmi razılığa gəlib qanunauyğun şəkildə hərəkət edər. Bizdə bu sahədə xüsusi ilə Türkiyə təcrübəsinin götürülməsi, yəni 1 illik kirayə müqaviləsinin tətbiqi çox yaxşı olardı. Bununla nə icarədar, nə də kirayəşin zərər çəkməz. Ən əsasə kirayəşin rahat olar ki, 1 illik müqaviləsi var ani şəkildə kimsə onu evdən çıxara bilməz”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO