Rusiya-Ukrayna müharibəsi Azərbaycan maşın bazarını necə vurdu? – “Jiquli”lər yoxa çıxacaq? 

Rusiya-Ukrayna müharibəsi Azərbaycan maşın bazarını necə vurdu? – “Jiquli”lər yoxa çıxacaq? 

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsi Azərbaycan maşın bazarını necə vurdu? – “Jiquli”lər yoxa çıxacaq? 

64273

“Dünyanın müxtəlif ölkələrinin Rusiya tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyalarından sonra bu ölkənin avtomobil sənayesində, avtomobil bazarında belə bir problemin yaşanacağını proqnozlaşdırırdıq. Məsələ burasındadır ki, Rusiyaya yalnız komfortlu avtomobillərin idxalı dayandırılmır, eyni zamanda ehtiyat hissələrinin idxalı da dayandırılıb”. 

Bu fikirləri Rusiya avtomobil sənayesində müşahidə olunan böhranın Azərbaycana təsirlərini Bizim.Media üçün şərh edən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.

“Bu gün Rusiyada 34 avtomobil zavodu var və onların 70%-i sırf avtomobil, qalanları isə ehtiyyat hissələri istehsal edən müəssisələrdir. Rusiyada istehsal olunan avtomobillərin lazımi hissələrinin 30%-i xaricdən alınır. Əlbəttə ki, bu hissələr Rusiyaya idxal olunmadıqda avtomobil sənayesində müəyyən problemlər yaşanır”, - deyə ekspert qeyd edib.

Eldəniz Cəfərovun sözlərinə görə, Azərbaycan avtomobil bazarında ciddi qiymət artımı müşahidə olunmur: 

“Eşitdiyimə görə, Azərbaycanda kimsə avtomobil bazarına gedib və orada sovet və Rusiya istehsalı avtomobillər satan şəxsləri danışdırıblar. Onlar da qiymətləri yüksəltdiklərini deyiblər. Lakin şəxsən özümün hər həftə ərzində 1-2 dəfə apardığım monitorinqlərin nəticəsi olaraq bildirmək istərdim ki, sovet avtomobillərinin qiymətlərində ciddi artım müşahidə olunmur”.

Ekspert Azərbaycan avtomobil bazarının Rusiya maşın sənayesindən asılı olmadığını da diqqətə çatdırıb: 

“Bizim alternativlərimiz var. Azərbaycana ABŞ, Çin, Avropa, Koreya və Yaponiyadan maşın idxal olunur. Fərdi qaydada kimsə, yaxud da hansısa şirkət fürsətdən istifadə edərək “Lada” avtomobillərinin qiymətlərini yüksəltmək istəyəcəksə, bu müvəqqəti xarakter daşıyacaq və davamlı olmayacaq. Çünki bazar özü qiymətləri tənzimləyəcək”.

“Azərbaycan bazarında ən azı may ayının sona qədər kəskin bahalaşma və ya ucuzlaşma gözlənilmir. Qiymətlər stabil olaraq qalacaq”, - Eldəniz Cəfərov fikirlərini yekunlaşdırıb.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO