Azərbaycanın ilk uşaq televiziyasının tezliklə 7 yaşı tamam olur – “ARB Günəş”-in direktoru nələrdən danışdı?  

Azərbaycanın ilk uşaq televiziyasının tezliklə 7 yaşı tamam olur – “ARB Günəş”-in direktoru nələrdən danışdı?  

Hazırda oxunan: Azərbaycanın ilk uşaq televiziyasının tezliklə 7 yaşı tamam olur – “ARB Günəş”-in direktoru nələrdən danışdı?  

64190

Ölkəmizdə ilk uşaq telekanalı fəaliyyətə başlayanda dostumun qızının 6 yaşı vardı. Atası ona “bax, qızım, sənin adına televiziya açdırmışam” deyəndə, uşaq ekrana diqqət kəsilib fərəhlə tamaşa edirdi. Çünki onun da, məmləkətimizin ilk uşaq televiziyasının da adı Günəş idi.

Azərbaycanda ilk uşaq kanalı kimi 2015-ci ilin yazında fəaliyyətə başlayan “Günəş” televiziyasına yanaşmalar müxtəlif oldu.

Skeptik yanaşanların fikirincə, əyalət şəhərində fəaliyyətə başlayan bir kanalın elə də uğurlu gələcəyi ola bilməzdi. Çünki internet və peyk vasitələrinin verdiyi seçim imkanlarının günbəgün artdığı bir zamanda heç paytaxt kanalları tamaşaçı təlabatı qarşısında duruş gətirə bilmir. Xaçmazda “RTV”nin bazasında təşəkkül tapan kanal 2016-cı ildən etibarən  “ARB Günəş” adlandırılmağa başladı. Amma bir çoxlarının şübhəsini və tərəddüdünü də susdurmağı bacardı.

Kanala rəhbərlik edən Məhsim Məhsimovala düz 20 ildən çoxdur ki, dostuq. Şimal bölgəsində hər ikimiz uzun müddət müxbir kimi fəaliyyət göstərmişik. Çətin günlərimiz az olmayıb. Məhsim 2007-ci ildə yeni yaradılan “RTV”yə rəhbər təyin olundu. “Region televiziyaçılığına yuxarıdan baxışa son qoyacağıq” deviziylə yola çıxan həmkarım peşəkar televiziya kanalının formalaşmasındakı rolu ilə öz sözünü demiş oldu. 

Uzun illərdən sonra indi onun iş otağında ötən günləri yad edirik. Və mən qəfildən: -Müsahibəyə başlaya bilərik? – deyə soruşuram.

- Mən sənə daha maraqlı müsahib taparam indi, - gülə-gülə cavab verir və telefonla tez struktur rəhbərlərindən birini otağına dəvət edir. Mən niyyətini anladığımdan həmin əməkdaş gələnədək müsahibəni yalnız ondan alacağımı deyirəm. İllərə söykənən səmimiyyətimizə dayanaraq məni dilə tutmağa çalışır:

- Aytəkin, sən məni sonuncu dəfə nə vaxt müsahibə verən görmüsən? Son 10 ildə bircə dəfə “Gözləri ilə danışan mələklər”in təqdimatında söz aldım, çünki o layihənin  həm rəhbəri, həm də ssenari müəllifi idim.

İsrarımdan vaz keçməyəcəyimə əmin olduqdan sonra birlikdə toplantı otağına keçirik. Məhsim danışır ki, "ARB Günəş"in fəaliyyətə başlamasına qərar verildikdə rəhbərlik bilirdi ki, uşaq kanalı gəlirli sahə deyil. Amma bu sahənin aktuallığını, önəmini nəzərə alıb bu televiziyanın fəaliyyət göstərməsini labüd bildilər. 

Azərbaycanın yeganə uşaq kanalı olan "ARB Günəş"-in rəhbəri Məhsim Məhsimov Bizim.Media-ya açıqlamasında bildirib ki, “ARB Media Qrup”a daxil olan “ARB Günəş” uşaq kanalı 2015-ci il aprel ayının 10-dan peyk yayımındadır. Fəaliyyətə isə aprel ayının 1-dən start verilib. 

Bu gün televiziyanın yayım keyfiyyətinin yüksəldilməsi yönündə xüsusi işlər görülüb. Müsahibim  bu arada bir müddət əvvəl peyk yayımına çıxan “Kanal S” televiziyasını da təbrik etməyi unutmur: 

- Həmkarlarıma uğurlar diləyirəm, bu münasibətlə Rəşad Məmmədovu təbrik edirəm. Uzun müddətdir göstərdiyi səylər nəticəsində Rəşad çoxlu uğurlara imza atıb. “Kanal S” artıq bir peşəkar televiziyaçı kimi onun müstəqil işidir. Ona fəaliyyətində uğurlar diləyirəm.

Məhsim Məhsimov müsahibəsində bildirib ki, ölkəmizdə uşaq kanalının fəaliyyətə başlamasına ciddi zərurət vardı: 

- Çünki Azərbaycanın azyaşlı tamaşaçıları, uşaqlar bizə qədər yalnız Türkiyə və Rusiyanın uşaq kanallarını seyr edirdi. Bilirsiniz, bunun da çoxlu yan təsirləri vardı. Yəni, heç kim hansısa digər kanalı izləməkdən məhrum edilmir, amma milli əsaslarda bir uşaq televiziyasının olması çox vacib idi, bu sahədə bir boşluq vardı. Biz bu sahədəki boşluğu doldurmağa çalışdıq və bu mühüm missiyanı layiqincə yerinə yetirməyə çox maraqlıyıq, öhdəmizə düşən vəzifənin məsuliyyətini dərk edən komandamız var. Məmləkətimizin cocuqları ana südü kimi məhz öz dili və öz milli ideologiyası üstündə maya tutmalıdır. Biz bunu yaxşı anlayırıq. Fəalyyətimizin ana qayəsi də məhz budur.

“ARB Günəş”in rəhbəri televiziyanın yarandığı ilk gündən uşaqların zövqünü oxşamağa, onların marağına xidmət etməyə çalışdıqlarını açıqlayıb. O, qeyd edib ki, uşaq kanalının efirini formalaşdırmaq ənənəvi kanallardan daha çətindir. Uşağı əyləndirməklə yanaşı həm də maarifləndirmək əsas missiyamızdır. Məhsim Məhsimov belə verilişlərə nümunə kimi "Qarabağ Azərbaycandır" "Mərcangildə", "Çərpələng", “Xəbərdar ol”, "Yuxunuz şirin olsun", "Təbiət və biz", "Biz nə fikirləşirik" kimi gündəlik və həftəlik proqramları qeyd edib və bütün verilişlərdə uşaq marağının nəzərə alındığını bildirib. 

Müsahibim indiyədək 20-dən çox telelayihə və proqramların hazırlanaraq efirə verildiyindən də danışıb. "Gözləri ilə danışan mələklər" adlı sosial layihənin ölkədə geniş əks-səda yaratdığını da vurğulayıb. Çox kövrək və adamda riqqət doğuran bu layihə tamaşaçıya bir daha onu deyir ki, uşaqların fiziki məhdudiyyəti onların potensialının üzə çıxarılmasına əngəl olmamalıdır.

Azərbaycanın kiçik yaşlı tamaşaçılarına "Qarabağ Azərbaycandır" həftəlik proqramında artıq yenidən bizim olan qədim torpaqlarımızın təbiəti, gözəllikləri, abidələri, görkəmli şəxsiyyətləri barədə  müntəzəm  məlumatlar təqdim edilir. Şanlı Ordumuzun qazandığı tarixi qələbəmiz balaca tanşaçılarımıza “Zəfər tariximizi birlikdə öyrənək” şüarıyla təlqin olunur.

- Bəs, uşaqların ən çox sevdiyi cizgi filmlərinin istehasalı ilə bağlı vəziyyət necədir? “ARB Günəş” belə missiyanı üzərinə götürməyə hazırdırmı? 

- Nəzərinizə çatdırım ki, bu iş olduqca bahalı sahədir. Peşəkar səviyyədə bir animasiya filmini ərsəyə gətirmək üçün kifayət qədər ciddi məbləğ tələb olunur. Ad çəkməyəcəyəm. Məsələn, uşaqların sevərək izlədiyi cizgi seriallarından birinin 7-10 dəqiqəlik hər bölümünün smetası 500 min ABŞ dolları civarındadır. Heç şübhəsiz uşaq kanalı olmaq iddiasını üzərinə götürən bir televiziya mütləq animasiya filmlərinin istehsalı məsələsinə də önəm verməlidir. Hazırda bir neçə ölkə istehsalçısı ilə bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunur. Çox güman ki, kadrların hazırlanmasında və cizgi filmi istehsalında bu ölkələrin təcrübəsindən yaralanacağıq. Yaxın gələcəkdə belə bir missiyanın da ilk icraçısına çevrilmək iddiasındayıq.

- Məhsim, bəs digər ölkələrin istehsalı olan uşaq filmlərinin dublyajı məsələsi necə həll olunur?

- Aytəkin, artıq biz bu işlə çoxdan məşğuluq. Uşaqlar üçün filmlərin dublyajına xüsusi həssaslıqla yanaşırıq. Mətnlərin tərcüməsi, redaktəsi elə incəliklərlə aparılmalıdır ki, burada yan təsirlərlə bərabər, onları uşaq dilinin şirin tərzinə də uyğunlaşdırmaq lazımdır. Dublyaj həm öz şirkətimizdə, həm də müxtəlif müəssisələrdə sifarişlə icra olunur. Maksimum dərəcədə peşəkarlığa və incə estetikaya fikir verilir. Filmlərin seçimi də xüsusi önəm daşıyır, kövrək uşaq dünyasına daxil olub onun formalaşmasında ən həssas dəqiqliklə işləməyə çalışırıq. 

"ARB Günəş"in direktoru bildirib ki, efir vaxtı bütünlüklə uşaqlar üçündür. Televiziyanın efirində yayımlanan tərbiyəvi və maarifləndirici proqramlar vasitəsilə uşaqlara həm də davranış qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, sağlam həyat vərdişləri öyrədilir.

"ARB Günəş"in istehsalı olan "Biz gələcəyik", "Mən məktəbli ikən", "Xəbərdar ol”, “Bizim həyət”, eləcə də, “ARB Media Qrup”a daxil olan digər telekanallarla, Bakı Dövlət Universitetinin Tədris teleradio studiyası və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil TV ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gələn “Dostlar”, “Qiraətçi” və “Məktəblilər üçün oxu” verilişləri tamaşaçıların böyük rəğbətini qazanıb. Pandemiya zamanı ölkə məktəblilərinin təhsilini distant formada davam etdirməsi şəraitində teledərslər “ARB Günəş” televiziyasında  yayımlanıb. Bundan başqa, telekanal tərəfindən Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həftəlik “Təbiət və biz” verilişi hazırlanır. Televiziya olaraq əksər dövlət və hökumət qurumları ilə səmərəli əməkdaşlıq edirik.
 

Telekanal təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də, sosial xarakterli bir sıra layihələrə imza atıb. Televiziya ənənəvi olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə “Yollarda uşaqların təhlükəsizliyini qoruyaq” adlı aksiya təşkil edir.


Məhsim Məhsimov onu da bildirib ki, İstanbulda keçirilən “Beynəlxalq Uşaq Mediası konfransı”nda ölkəmizi davamlı olaraq “ARB Günəş” təmsil edir.

“Azerspace 1” peyki vasitəsilə yayımını həyata keçirən “ARB Günəş”i  kabel televiziyalarında, eləcə də, internetdə onlayn izləmək mümkündür. Hazırda televiziyanın texniki bazasının və yayım imkanlarının genişlənləndirilməsi istiqamətində işlər davam etdirilir.

//www.youtube.com/watch?v=Ht_BzhOuiQU&t=10s

//www.youtube.com/watch?v=JS-7ZhGHMcs&t=16s

//www.youtube.com/watch?v=tJ-GpeTpkKI&list=PLtYce2tA6pRyjkY3xllLjck-TPpwwC9jr&index=25

//www.youtube.com/watch?v=XPN2JmPRKk8&list=PLtYce2tA6pRyjkY3xllLjck-TPpwwC9jr&index=21

//www.youtube.com/watch?v=-taOVb8e5pY&list=PLtYce2tA6pRyjkY3xllLjck-TPpwwC9jr&index=24

//www.youtube.com/watch?v=mDdFQUOFXJg&list=PLtYce2tA6pRyjkY3xllLjck-TPpwwC9jr&index=37

//www.youtube.com/watch?v=It1upqMbDow&list=PLtYce2tA6pRyjkY3xllLjck-TPpwwC9jr&index=44


Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO