Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da xüsusi təntənə ilə qeyd edilir. Qadınların tarixdə rolu danılmazdır. Azərbaycan tarixində də dərin iz qoyan qadınların sayı kifayət qədər çoxdur.
Bizim.Media olaraq Beynəlxalq Qadınlar günündə ölkənin ən məşhur qadınlarından bir qisminin adlarını sizlərə təqdim edirik.
Tomris
Eradan əvvəl 570-520-ci illərdə yaşadığı təxmin edilən Tomris Arazın şimalında yerləşən Massaget çarlığına rəhbərlik edib. E.ə. 530-cu ildə Arazın şimalına doğru hücuma keçən o dövrün ən böyük imperiyası olan Əhəmənilərin hökmdarı II Kiri məğlub edərək, öldürməsilə Tomris qədim dünya tarixində iz qoymağı bacarıb.
Məhsəti Gəncəvi
Məhsəti Gəncəvi XI əsrin sonları-XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsidir. Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şeirlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi olub. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır.
Sara Xatun
Ağqoyunlu hökmdarı Uzun Həsənənin anası Sara Xatun şərqin ilk diplomat qadını hesab olunur. Onun diplomat kimi ön plana çıxaran əsas hadisə isə Osmanlı sultanı II Mehmedlə uğurlu danışıqlar olub. Bundan əlavə, Ağqoyunlu sarayına səfər edən bir çox Avropa elçiləri ilə danışıqlara birbaşa Sara Xatunun rəhbərlik etdiyi qeyd olunur.
Xurşidbanu Natəvan
XIX əsr Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub. O təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınıb. Şuşaya su kəməri çəkdirib.
Nigar Şıxlinskaya
İlk azərbaycanlı şəfqət bacısı olan Nigar Şıxlinskaya birinci dünya müharibəsinin iştirakçısı olub. Birinci dünya müharibəsinin iştirakçısı olan xanım General Ə.Şıxlinskinin həyat yoldaşı kimi 1914-1918-ci illərdə zabit arvadlarının yaratdığı "Qırmızı xaç" adlı hərbi xəstəxanaya başçılıq edən komitənin sədri seçilib. Nigar xanım bütün zamanını hospitalda keçirir, yaralılara kömək olaraq onların qohumlarına rus, tatar və qazax dillərində məktublar yazırdı.
Züleyxa Seyidməmmədova
Azərbaycan SSRİ ictimai təminat naziri, ilk azərbaycanlı qadın təyyarəçi, II Dünya müharibəsində hərbi təyyarəçi olmuş kapitan Züleyxa Seyidməmmədova. O, ikinci dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub, 500-dən artıq döyüş uçuşu keçirib. Züleyxa xanım müharibədən qəhrəman aviasiya kapitanı kimi dönür. O, sosial tәminat naziri postunda çalışan ilk qadın nazir olub.
Ayna Sultanova
İctimai-siyasi xadim Ayna Sultanova Azərbaycan SSRİ-nin Maarif Xalq Komissarı, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri vəzifələrində çalışıb. Müəyyən müddətdən sonra yeni qurulmuş rejimin onun uğrunda çalışdığı rejim olmadığını görmüş, Stalinlə görüşüb şikayətlərini bildirmək üçün Moskvaya gedən Ayna xanım elə vağzaldaca həbs olunub. 1938-ci il 3 iyul tarixli hökmü ilə ən yüksək cəzaya - güllələnməyə məhkum edilib.
Şövkət Məmmədova
İlk professional Azərbaycan qadın müğənnisi, SSRİ xalq artisti, Azərbaycan opera ifaçısı və müəllimi, Azərbaycan SSRİ Ali Sovetinin deputatı Şövkət Məmmədova 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilib. Onun ifa etdiyi Rozina, Lakme, Cilda, Şahsənəm, Nərgiz, Gülçöhrə və digər partiyaları ilə Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açılıb.
Ağabacı Rzayeva
Ağabacı Rzayeva Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimidir. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil alaraq onun ən sevimli tələbələrindən biri olub. O həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır. A.Rzayeva Üzeyir Hacıbəyovun ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə "Sənin xatirən" adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işilə anaraq ona qarşı bəslədiyi səmimi hisslərini ifadə edir. A.Rzayevanın könül təranələrini ifa etmiş müğənniləri sadalamaqla bitməz – Bülbül, R.Behbudov, Ş.Ələkbərova, R.Muradova, G.Məmmədov, F.Mehrəliyeva, M.Salmanov, T.Əliyeva, T.İsmayılova, L.İmanov və b. O, geniş kütlələrə ünvanlanan bir sıra əsərlərini xor üçün bəstələyib. 1960-cı ildə ona əməkdar incəsənət xadimi fəxri adı verilib.
Şövkət Səlimova
Şövkət Səlimova iqtisad elmləri namizədi, ikinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olub. İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləyib. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxan xanımın gəmi ilə neft, silah daşınmasında böyük əməyi olub. 1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.
Şəfiqə Axundova
Şərqdə ilk opera yazan bəstəkar qadın. Azərbaycanın xalq artisti Axundova Şəfiqə. O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların musiqisinin müəllifidir. Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə "Gəlin qayası" operası ilə musiqisevərləri valeh edib.
Zərifə Əliyeva
Zərifə Əliyeva Azərbaycan SSRİ-nin əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirən Zərifə xanım Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri) vəzifələrində çalışıb. Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınıb. Bakı və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır.
Mehriban Əliyeva
Mehriban Əliyeva Azərbaycan respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunu prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birini müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiridir. Mehriban xanım 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının sədri seçilib və onun uğurlu təşkilatçlıq bacarığı bir sıra nüfuzlu idman yarışlarının ölkəmizdə keçirilməsində həlledici rol oynayıb. Mehriban Əliyevanın Heydər Əliyev fondunun prezidenti kimi nəinki ölkəmizdə, eyni zamanda dünyanın bir çox yerlərində elmin, təhsilin, mədəniyyətin, səhiyyə və digər sahələrdə gördüyü mütərəqqi işlər danılmazdır.
Mehriban Əliyeva 2005 və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə qalib gələrək, 2 dəfə millət vəkili seçilib.
Mehriban Əliyeva 2005-ci ildə Azərbaycanda “İlin qadını” mükafatına, 2009-cu ildə Heydər Əliyev Mükafatına, Heydər Əliyev ordeninə, eyni zamanda bir sıra beynəlxalq təşkilatlar və ölkələr təərfindən 10-larla orden, mükafat və tiullara layiq görülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:08 / 08.03.2022
Azərbaycan tarixinin ən möhtəşəm qadınları - ADLAR
Hazırda oxunan: Azərbaycan tarixinin ən möhtəşəm qadınları - ADLAR
Hazırda oxunan: Azərbaycan tarixinin ən möhtəşəm qadınları - ADLAR
63650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.