Ölkədə həkim çatışmazlığı problemləri son günlərdə özünü daha qabarıq şəkildə büruzə verir. Xüsusilə də ucqar rayonlarda yerləşən xəstəxanalarda savadlı və gənc kadrların olmaması vətəndaşların yüzlərlə km məsafə qət edib şəhərə gəlməsinə səbəb olur. Həmçinin avadanlıq problemləri də burada yer alır. İllərini bu sahəyə vermiş qocaman həkimlər isə maaş azlığından şikayətlənir.
“Bir azdan həkim tapıb dərdimizi deyə bilməyəcəyik. Burda qalanlarda ingilis dilini bilməyən, savadsız, yaşlı rus üsulu ilə təhsil alanlardır”, - deyə qeyd edən vətəndaş bildirir ki, xaricdə həkimlərə verilən maaş çox olduğu üçün perspektivli gənclər ölkədən gedirlər.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Bizim.Media-ya açıqlamasında həkim çatışmazlığı faktını təsdiq edib. O, ucqar rayonlara göndərilən həkimlər üçün həvəsləndirici proqramların təşkil olunmasının vacibliyindən danışıb:
“Tək bölgələrdə deyil, şəhərlərdə də bəzi ixtisaslar üzrə həkim çatışmazlığı müşahidə olunur. Buna səbəblərdən biri də dövlət səhiyyə sektorunda müəyyən təlimatlarla, qaydalarla işləməli olduqları üçün həkimlərin özəl sektorlara üz tutmasıdır. Bürokratik əngəllər problemin başlıca səbəbidir. Mənim fikrimcə, doğru idarəetmə olarsa bu problem aradan qalxar. Həvəsləndirici addımların atılması lazımdır. Ucqar rayonlarda yaşayan həkimlər üçün həvəsləndirici proqramlar təşkil olunması, maaşlarının artırılması, icbari tibbi sığorta əlavələri, o cümlədən bonusların daha fərqli şəkildə tətbiqi məsələləri həkimlərin yaşayış səviyyələrinin yaxşılaşdırılması istiqamətində yardımçı ola bilər”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov da son çıxışlarında bölgələrdən ixtisaslaşmış həkimlərin çatışmazlığı hələ də mövcud olduğunu diqqətə çatdırıb.
Bəs görəsən bu problemin həllində hansı addımlar atılacaq?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, Agentlik tərəfindən “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ı təsdiq edilib.
Bu proqram tibbi xidmətlərin keyfiyyətini artırmaq, vətəndaşların xidmətlərə əlçatanlığını təmin etmək, ümumilikdə səhiyyənin inkişafına təkan verəcək:
“Bu proqram ölkəyə cərrahi və radioloji profilli ixtisaslar üzrə həkimləri cəlb edəcək. Layihəyə qatılacaq həkimlərin 90%-dən çoxu Azərbaycan Tibb Universitetinin (ATU) məzunlarıdır. Sonradan həmin məzunlar akademik təhsilini xaricdə davam etdirib, bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini artıraraq səhiyyənin ən son nailiyyətlərinə yiyələniblər. Ümumilikdə 100 nəfər həkim-mütəxəssisin (cərrahi və radioloji profilli ixtisaslar üzrə 60 nəfər, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 40 nəfər olmaqla) cəlb edilməsi nəzərdə tutulur”.
Həmçinin məlumatda qeyd edilir ki, hər il üzrə prioritet ərazilərdəki tibb müəssisələrinin hər birinə 10 nəfərdən çox olmamaqla gənc kadrlar cəlb olunacaq.
Agentlik onların əmək haqqları barəsində də açıqlama verib:
“Proqram üzrə bir həkim-mütəxəssis üçün əmək haqlarının ödənilməsi 1 il müddətinə nəzərdə tutulur. Məsələn, həkim 2022-ci ilin fevralın 1-də işə qəbul olunubsa, o zaman 2023-cü ilin fevralın 1-nə kimi proqramda iştirak edə bilər. terapevtik və pediatrik profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 9-13-cü dərəcələr arası 415-487 manat təşkil edir. Əlavə olaraq 5000 manat həvəsləndirici vəsait aldıqda ümumi məbləğ 5415-5487 manat arası təşkil edir”.
Cərrahi və radioloji profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə (tarif) maaşı isə 450-528 manat təşkil edəcək:
“Əlavə olaraq 6500 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 6950-7028 manat arası təşkil edir. Proqramın maliyyələşdirilməsi icbari tibbi sığorta fondunun 2022-ci il üzrə büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Büdcədə bu məqsəd üçün nəzərdə tutulmuş vəsait 8 milyon 14 min 600 manat təşkil edir”.
Qey edək ki, hazırda Agentlik tərəfindən təsdiq olunan Komissiya tərəfindən müraciət edən namizədlərin seçimi aparılır. Proqramın icrası mütəxəssislərin ölkəyə cəlb edilməsi üçündür və müvəqqəti xarakter daşıyaraq 2 il üçün nəzərdə tutulub.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 04.03.2022
Ölkədə həkim çatışmazlığını aradan qaldırmaq üçün YENİ PLAN
Hazırda oxunan: Ölkədə həkim çatışmazlığını aradan qaldırmaq üçün YENİ PLAN
Hazırda oxunan: Ölkədə həkim çatışmazlığını aradan qaldırmaq üçün YENİ PLAN
63023
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.