Prezident İlham Əliyevin yeni fərmanı ilə Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” isə Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Bu dəyişikliklər vətəndaşlar arasında çaşqınlığa səbəb olub. Belə ki, dayanma-durma və parklanmaya görə cərimələr, hələ də BNA-nın səlahiyyətləri altında aparılır. Cərimə mesajları onlar tərəfindən göndərilir.
Nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında yaranan anlaşılmazlığa aydınlıq gətirib.
MÖVZU İLƏ BAĞLI:
“Parkovka” DÜYÜNÜ – Vahid parklama qura bilməyən BNA cərimə yığmağa 6 milyon XƏRCLƏYİB
Onun sözlərinə görə, müəyyən cərimələri hələ də onlar tətbiq edəcək:
“Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərini heç kim əlindən almayıb. Bu gün Bakı şəhərində dayanma-durma, parklanma ilə bağlı cərimələri həm BNA, həm də Dövlət Yol Polisi əməkdaşları yazır. Respublikanın digər ərazilərində isə yalnız Yol Polisləri deyilən cərimələri tətbiq edir. Prezident İlham Əliyevin imzaladığı sonuncu fərmanda sadəcə olaraq Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC DİN-in tabeliyinə verilib.
Yəni buna görə də BNA tərəfindən cərimə mesajlarının gəlməsi normal haldır. “Ola bilsin ki, son günlər BNA daha çox cərimələr yazmağa başlayıb. Buna görə də narazılıqların sayı daha da artıb”.
Elməddin Muradlı həmçinin dayanma-durma cərimələrinin silinməsi haqqında gedən fikirlərə də münasibət bildirib. O, BNA-nın kameralar vasitəsilə qeydə aldığı cərimələri qanunsuz hesab edib:
“Düşünürəm ki, o təklifi dəyərləndirmək olar, çünki BNA-nın kameralar vasitəsi ilə yazdığı cərimələrin hamısı tamamilə qanunsuzdur.
Qanunvericilikdə yalnız xüsusi texniki vasitələrlə qeyd alına bilən xətaların siyahısı var və orada da dayanma-durmaya görə, kamera vasitəsilə cərimə yazılması nəzərdə tutulmayıb. Əgər qanuni olsaydı, Dövlət Yol Polisi əməkdaşları da bu cərimələri tətbiq edə bilərdi. Lakin hazırda DİN-in tabeliyinə verilən məsələlər nəzərə alsaq, kamera görüntülərinə görə, cərimə yazılması halı 70% azalacaq. Çünki onların əsas cərimə mənbələri kameralar idi. Gələcəkdə parklanma ilə bağlı yazılan cərimələrin də Yol Polisinə verilməsi gözləniləndir”.
Səkinə Yusibli, Bizim.Media