Bu məktəbi müəllim və şagirdlər TƏRK EDİR - Bələdiyyə sədrindən ŞİKAYƏT

Bu məktəbi müəllim və şagirdlər TƏRK EDİR - Bələdiyyə sədrindən ŞİKAYƏT

Hazırda oxunan: Bu məktəbi müəllim və şagirdlər TƏRK EDİR - Bələdiyyə sədrindən ŞİKAYƏT

62065

Daha bir orta məktəbin direktorunun qanunsuz əməlləri ilə bağlı məsələ aktuallaşıb. Söhbət Lerik rayonu Mehman Qafarov adına Siyov kənd tam orta məktəbinin direktoru İlham Əmirovdan gedir. Bu dəfə direktorun hərəkətlərindən həmin məktəbin informatika müəllimi və Siyov kənd bələdiyyə sədri Rəisə Həsənova şikayətlənib. Xanım müəllimə 2008-ci ildən direktor kimi çalışan İlham Əmirovun məktəbi özəlləşdirildiyindən gileylənib:

“Həmin məktəb 2020-ci ildə Heydər Əliyev Fondu tərəfindən yeni və müasir tipdə istifadəyə verilib. İkimərtəbəli olan geniş məktəbdə cəmi 129 şagird təhsil alır. Çünki illərdir ki, orada problem var. Həm müəllimlər, həm də şagirdlər direktorun əməllərindən məktəbi tərk edir. Dəfələrlə aidiyyəti qurumlara İlham Əmirovun qanunsuz hərəkətləri barədə müraciətlər etmişik. Amma baxan yoxdur. Bu səbəbdən müəllimlər o məktəbi tərk edib, başqa təhsil ocaqlarına işləməyə gedirlər”.

Rəisə Həsənovanın sözlərinə görə İlham Əmirov Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayevlə əlbir olub məktəbi istədiyi kimi idarə edirlər:

“Dərs saatları və məktəb avadanlıqları ilə bağlı problem var. İnformatika müəllimi kimi yeni məktəbdə iki ildir ki, işləyirəm. Amma hələ də kömpüterləri görməmişəm. Dəfələrlərlə iradımı bildirmişəm ki, şagirdlərə kömpütersiz dərs keçmək mümkün deyil. Direktor isə “kömpüterlərə dəyməyin, sındırarlar. Kitabdan keçin” - deyə imkan vermir. Bundan əvvəl məktəbdə 12 kömpüter var idi, heç onların aqibətindən də xəbərimiz yoxdur. Dövlət məktəbi hər bir avadanlıqla təmin edir, amma biz görmürük. Lövhədə yazmaq üçün marker və kağız tapmırıq. Deməklə bitmir”.

Direktorun hərəkətlərindən təngə gəldiyini deyən Rəisə Həsənova da tezliklə işdən çıxmağı düşünür:

“Çoxsaylı şikayətlərimiz olub. Hətta dərs saatları ilə bağlı məsələ nazirlik səviyyəsinə qədər gedb çıxıb. Amma reaksiya yoxdur. Direktor Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədovun qohumudur. Muxtar Məmmədov İlham Əmirovun əmisi oğlu Rəfail Əmirovun yeznəsidir. Bu səbəbdən İlham Əmirov məhz qohumuna arxalanaraq məktəbi özününküləşdirib”.
 

Rəisə Həsənova bir daha Bizim.Media vasitəsilə Təhsil Nazirliyinə müraciət edərək İlham Əmirovun qanunsuz əməllərinin araşdırılmasını və qiymət verilməsini tələb edib.


Pedaqoq belə davam edərsə, həmin məktəbdə nə təhsil verənin, nə də təhsil alanın qalacağını bildirib. Məsələ ilə bağlı direktorla əlaqə yaratsaq da, onunla danışmaq mümkün olmayıb. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO