Xocalı soyqırımından 30 il ötür

Xocalı soyqırımından 30 il ötür

Hazırda oxunan: Xocalı soyqırımından 30 il ötür

61979

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımdan 30 il ötür.

Bizim.Media xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. 

Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 

1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" adlı abidə ucaldılıb.

Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.

Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır.

Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina və s. ölkələrin parlamentləri Xocalı faciəsini soyqırım və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar.

Bundan əlavə, Xocalı soyqırımı ABŞ-ın onlarla ştatının qanunverici orqanları tərəfindən də tanınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO