Azərbaycanda “Ali təhsil haqqında” əlavə qanuna ehtiyac var - MÜZAKİRƏ

Azərbaycanda “Ali təhsil haqqında” əlavə qanuna ehtiyac var - MÜZAKİRƏ

Hazırda oxunan: Azərbaycanda “Ali təhsil haqqında” əlavə qanuna ehtiyac var - MÜZAKİRƏ

0:00
0:00
61249

Bu günlərdə təhsil istiqamətində maraq doğuran suallardan biri olan “Azərbaycanda vaxtı keçmiş və ya əhəmiyyətsiz sayılan ixtisaslar hansılardır?” haqda maraqlı fikirlər ortaya çıxıb.

Bizim.Media-a bu barədə təhsil eksperti Kamran Əsədovla müzakirə aparıb:
 

MÖVZU İLƏ BAĞLI:

Azsaylı xalqların öz dillərindəki dərslik problemi nə vaxt HƏLL OLUNACAQ? - Nazirlikdən CAVAB


“İlk növbədə qeyd edim ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, təhsil haqqında qanunun qəbulu çox gecikdi, yəni 2009-cu ildə qəbul olundu. Bu "Ümumi təhsil haqqında" qanun idi. Amma təhsilin müxtəlif pillələri haqqında ayrıca qanun layihəsinə ciddi ehtiyac var idi. Bunlara "Məktəbəqədər təhsil haqqında" qanun, "Peşə təhsili haqqında" qanun və yekunda "Ali təhsil haqqında" qanun aiddir. Əvvəl qeyd etdiyimiz pillələr haqqında qanun layihəsi qəbul edildi. "Ali təhsil haqqında" qanuna da çox ciddi ehtiyac var”.

Kamran Əsədov bildirir ki, ali təhsilin idarə olunması, vəzifələri, hüquqları-bunlar hamısı ümumi əsasda qanunvericilikdə göstərilib. Eyni zamanda, idarə etməsinin demokratikliyindən tutmuş, prinsipial məsələlərdə belə çox ciddi boşluqlar var.

Təhsil sənədlərinin verilməsi, təhsil sənədlərinin müddəti kimi məsələləri bu qanun tənzimləməlidir:

“Məhz ona görədir ki, Azərbaycan universitetləri dünya reytinqində yoxdur. Onların maddi-texniki bazası dövrün tələblərinə cavab vermir. Konkret rəqəmlərə baxaq: bu gün ölkəmizdə 164 min tələbə təhsil alır, 4 ildən sonra onların yalnız 42%-i işlə təmin oluna bilir. Qalanlar isə qeyri-ixtisas sahələrində işləyirlər və yaxud da işsiz qalırlar. Çünki onlar istehsalatın və ya əmək bazarının tələblərinə uyğun kadr hazırlaya bilmirlər. Bizdə elə ixtisaslar var ki, onlar ölü ixtisaslardır. Elə kafedralar var ki, mənasız yerə bölüşdürüblər. Bu dediyim hallar bütün universitetlərdə var. Təsəvvür edin ki, dünya artıq nanotexnologiyaya keçib.
 

Biz hələ yarımkeçiricilərdən danşırıq. Universitetlər bu əlavə, mənasız fakültələrlə, ixtisaslarla öz xərclərini artırırlar. Düşünün ki, universitetlərdə iki tarix kafedrası var. Biri təbiət, biri humanitar ixtisaslar üzrə. Bu nəyə lazımdır axı?”.


Kamran Əsədov hesab edir ki, qanunda nəzərdə tutulmalı ən vacib məsələlərdən biri universitetlərin istehsalata inteqrasiyası olmalıdır. O, qanunun praktikada icrası ilə bağlı belə bir misal göstərib:

“Çox uzağa getmədən belə bir misal gətirim. Türkiyədə 3 qurum yanaşı oturur. Yəni, Əmək və Sosial Müdafiə Nazirliyi, Təhsil Nazirliyi və universitet. Sosial Müdafiə Nazirliyi sifariş verir ki, mənə bu bilik və bacarıqlara malik kadr hazırla, Təhsil Nazirliyi də bunun planını hazırlayır və universitetlərə göndərir ki, siz buna uyğun kadr hazırlaya bilərsiz, ya yox. Hansı universitet bu kadrları hazırlaya bilirsə, dövlət plan yerlərini onlara ayırır. Bizdə isə bütün universitetlər eyni ixtisaslardan kadr hazırlayırlar. Universitetin istiqamətinə uyğun olmasa da, onlar bu işi görürlər.
 

Buna nə ehtiyac var? Hazırlamaq deyəndə ki, qəbul aparırlar, amma hazırlaya bilmirlər. Ona görə də əvvəlcə əmək bazarı dəyərləndirilməlidir, daha sonra ehtiyac olan sahələr üzrə kadr hazırlanmalıdır”.


Kamran Əsədov sonda onu da qeyd edib ki, ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir: 

“Hazırda ali təhsil müəssisələrində yetişdirilən mütəxəssislər dövlətin və şirkətlərin idarə olunmasında, daha çox əlavə dəyərin yaranmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak edirlər. Amma Azərbaycanda gənclərin ali təhsillə əhatəolunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabətqabiliyyətli və dayanıqlı inkişafına maneə törədə bilər. Bunu nəzərə alaraq, Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılmasına diqqət artırılmalıdır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO