Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ömər Tağıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 2026-cı il yanvarın 25-də saat 05:30 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Mont İnn” hotelində qeydə alınıb.
Belə ki, Ömər Tağıyev hotelin otağında tanışı, zərərçəkmiş Pəri Kərimova (adı, soyadı şərtidir) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən qadının baş nahiyəsinə bir dəfə yumruq zərbəsi endirib. Nəticədə zərərçəkmiş şəxs sol təpə nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan, fluktuasiya edən hematoma xəsarəti alıb.
Beləliklə, Ömər Tağıyev əməli Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilib.
Məhkəmənin hazırlıq iclasında o, elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, gələcəkdə bu kimi hallara yol verməyəcəyini bildirib və barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş edib.
Hazırlıq iclasında iştirak edən zərərçəkmiş Pəri Kərimova da Ömərlə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib və bu barədə ərizə ilə məhkəməyə müraciət edib. (Pravda.az)
Bizim.Media
































































































