Xəbər verdiyimiz kimi, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində çoxuşaqlı ailənin 6 üzvü dəm qazından zəhərlənib. Aprelin 3-də onlardan biri - 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət dünyasını dəyişib.
Hadisə baş verdiyi gün azyaşlılar xəstəxanaya yerləşdirilib, daha sonra evə buraxılıblar. Qəfil halı pisləşən G.Cəbrayılova yenidən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
MÖVZU İLƏ BAĞLI:
Zəhərlənərək ölən uşağını dəfn etməyə pul tapa bilməyən ata 1260 manat ALIRMIŞ?
Lakin uşaqların tam sağalmadan xəstəxanadan çıxarılması və ardınca 2 yaşlı Gülcənnətin ölümü özü ilə bir sıra suallar yaradıb.
Azyaşlıların tam sağalmadan xəstəxanadan çıxarılmasına niyə icazə verilib? Ailə uşaqları tibb müəssisəsindən çıxararkən hansı əsasları göstərib?
Suallarımıza Sumqayıt Tibbi Mərkəzindən bildirilib ki, bu, ailənin öz məktubu ilə reallaşıb:
“Valideynin yazılı iltizamı var. Onun məktubunda da bildirilib ki, azyaşlılar xəstəxanadan çıxarıldıqdan sonra bütün məsuliyyəti üzərinə götürür. 18 yaşına qədər uşaqlarla bağlı bütün məsuliyyət də məhz valideynə məxsusdur. Uşaqlar sağaldıqdan sonra xəstəxanadan çıxarılıb. Yalnız evə aparılarkən vəziyyətləri yenidən pisləşib. Digər məsələlər isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 142-ci maddəsində əsasən, xəstəyə kömək göstərməməklə bağlı müddəalar qeyd olunub. 142.1. Qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 142.3-də qeyd edilib ki, eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Uşaqların zəhərlənməsi, xəstəxanadan tələsik çıxarılması, atanın mediaya verdiyi cavablarla bağlı isə qaranlıq qalan məsələlər çoxdur.
Birincisi, çoxuşaqlı ailənin maddi durumunun çətinliyidir. Kamil Cəbrayılovun bu səbəbdən uşağı xəstəxanadan çıxarıb ev şəraitində müalicə etməsinə qərar verməsidir. K.Cəbrayılovun sözlərinə görə, o, motokuryer olaraq işləyir və ailənin xərclərini təkbaşına idarə etməyə çalışır. Hətta 2 yaşlı qızı Gülcənnəti dəfn etmək üçün 45 manatı belə çətinliklə tapdığını deyir.
Onu da qeyd edək ki, atanın “Tik-tok” sosial platformasında canlı yayım açaraq, övladını morqdan çıxartmasını, dəfn etməsini çəkməsi şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Çoxları atanın psixoloji vəziyyətinin pozulduğu və yerində olmadığı ilə bağlı rəylər yazıb. Xüsusilə, övladını dəfn etdikdən sonra “yarım saat olar ki, basdırıb gəlmişəm” deməsi insanların qəzəbinə səbəb olub.
Qeyd edək ki, hazırda zəhərlənən digər 4 uşağın müalicəsi davam etdirilir.
Bildirilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti isə stabildir.
Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qadın cinsli) isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir.
Naibə Məmmədova, Bizim.Media






























































































