2026-cı il aprelin 4–5-də yağan güclü yağışlar Qusar rayonunda bir sıra ciddi fəsadlara səbəb olub. Bəzi yüksək dağlıq ərazilərə, o cümlədən Laza və Sudur kəndlərinə qar yağıb.
Qusar Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, aramsız yağışlar nəticəsində rayonun Suvacal, Gündüzqala, Əniq və Mucuq kəndlərində yerləşən körpülər yararsız vəziyyətə düşüb.
Eyni zamanda, Yuxarı Tahircal, Zindanmuruq və Çətkün kəndlərinə gedən yollar bağlanıb. Kuzun, Əniq, Xuray, Cağar, Çətkün, Hil, Mucuq, Yuxarı Tahircal və Zuxul kəndlərinin daxili yolları sel suları tərəfindən yuyularaq yararsız hala düşüb.
Aramsız yağışlar qaz və elektrik təsərrüfatına da ciddi ziyan vurub. Yuxarı Tahircal kəndində qaz xətlərinin zədələnməsi nəticəsində 83 abonentin, Gündüzqala kəndində isə diametri 57 millimetr olan qaz xəttinin qırılması səbəbindən 110 abonentin qaz təchizatı dayandırılıb. Həmçinin 2 qaz sayğacı yararsız vəziyyətə düşüb.
Hil kəndində sel suları bir ədəd transformatoru aparıb, nəticədə 40 abonent işıqsız qalıb.
Gədəzeyxur və Bədişqala kəndlərinin hər birində bir fərdi yaşayış evinin birinci mərtəbəsini su basıb. Yasab kənd tam orta məktəbinin foyesinə, idman zalına və ikinci mərtəbədə yerləşən sinif otaqlarına su sızıb. Əniqoba kəndində fəaliyyətdə olmayan köhnə məscidin bir hissəsi dağılıb.
Quxuroba kəndində 200 hektardan, Zuxul kəndində isə 50 hektardan artıq əkin və bağ sahəsi su altında qalıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən ərazilərdə bərpa və təhlükəsizlik tədbirləri davam etdirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

























































































