Aprelin 4-dən başlayaraq 5-də də davam edən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Qusar rayonu ərazisində bəzi fəsadlar qeydə alınıb. Aprelin 5-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, həmçinin RİH Başçısı Aparatının məsul şəxsləri rayonun Hil, Yasab, Mucuq, Yuxarı Tahircal kəndlərində yağışın yaratdığı fəsadlarla yerində tanış olub.
Bizim.Media xəbər verir ki, Mucuq kəndində yerləşən körpü, Yasab kəndinə gedən avtomobil yolu və Hil kəndinin əraizisinə baxış keçirilib, mövcud vəziyyət yerində qiymətləndirilib.
Eyni zamanda, rayon icra hakimiyyətinin başçısı Hil kəndində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib, yağıntılı hava şəraitinin yaratdığı problemlərlə yerində maraqlanıb.
Aparılan müşahidələr nəticəsində fəsadların geniş miqyaslı olmadığı müəyyən edilib. Bununla yanaşı, yaranmış problemlərin operativ şəkildə aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz işlər görülür, ərazilərə texnika cəlb olunmaqla işlər aparılır. Ümumilikdə vəziyyət nəzarət altındadır və fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Qeyd edək ki, cari ilin mart ayının 27-dən başlayaraq bir neçə gün müşahidə olunan yağıntılı hava şəraiti zamanı da Qusar Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən operativ tədbirlər həyata keçirilib, ərazilərə yerində baxış keçirilib.
Yağıntıların yaratdığı fəsadların aradan qaldırılması məqsədilə hərəkət üçün keçilməz olan yollar torpaq sürüşməsi və çöküntülərdən təmizlənmiş, çaylarda tənzimləmə işləri aparılıb, elektrik, rabitə və qaz xətləri və dirəklər bərpa edilib. Eyni zamanda, fərdi yaşayış evlərinə dolmuş su təmizlənib, zəruri hallarda sakinlər təhlükəsiz ərazilərə təxliyə olunub.
Bizim.Media

























































































