Bu heyvanların kəsilməsi qadağan OLUNA BİLƏR

Bu heyvanların kəsilməsi qadağan OLUNA BİLƏR

Hazırda oxunan: Bu heyvanların kəsilməsi qadağan OLUNA BİLƏR

605000

Azərbaycanda heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilə bilər.

Bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə vurğulanır ki, son illərdə ölkədə iri və xırdabuynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq mahsullarının istehsalı xeyli artıb.

Qeyd olunur ki, dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və südlük heyvanların yetişdirilməsində maraqlıdır:

"Bu düzgün seçimdir və iri heyvandarlıq təsərrüfatlarının yaradılması və cins tərkibinin yaxşılaşdırılması günün tələbidir. Bununla belə, 7-8 kiloqram çəkisi olan quzuların, habelə körpə danaların kütləvi kəsilməsi və bazara çıxarılması heyvandarlığın inkişafına maneə yaradır və bazarda ətin qiymətinin artmasına səbəb olur.

Aparılmış təhlillər göstərir ki, orta kəsim çəkisinin normadan 2 kiloqram az olması illik qoyun əti istehsalında 8 min ton itkiyə gətirib çıxarır. Hazırda respublikada kəsim çəkisinin normadan nəinki 2, hətta əksər hallarda 9-10 kiloqram az olduğu müşahidə edilir. Türkiyədə və digər ölkələrdə olduğu kimi Azərbaycanda da heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, bu sahədə müəyyən qadağaların qoyulması ve müəyyən edilən tələbləri pozanlar üçün cərimələrin tətbiq edilməsi yaxşı olar".

Yeni qaydaların tətbiqi nəyi dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, heyvanların kəsilməsi üçün yaş həddinin qanunla müəyyən edilməsi müəyyən mənada məntiqli görünə bilər, amma bu məsələ çox həssas balans tələb edir:

“Bir tərəfdən, erkən kəsimin qarşısını almaq kənd təsərrüfatı baxımından faydalı ola bilər, çünki heyvanın tam inkişaf etməsi həm ət keyfiyyətini, həm də ümumi məhsuldarlığı artırır. Digər tərəfdən, bu məsələnin qanun səviyyəsinə qaldırılması doğrudan da artıq müdaxilə kimi qəbul oluna bilər.

Vətəndaşın mülkiyyətində olan heyvan üzərində necə sərəncam verəcəyinə kiminsə sərt qaydalarla qarışması hüquqi və etik mübahisələr yaradır. Xüsusilə kənd yerlərində insanlar bu qərarları öz iqtisadi vəziyyətlərinə, yem bazasına və digər real şərtlərə əsasən verirlər. Yaş həddi qoyulsa, bu, bəzi hallarda insanlara əlavə maliyyə yükü yarada bilər və ya onları qeyri-rəsmi yollar axtarmağa sövq edə bilər.

Sui-istifadə ehtimalı da realdır.
Belə qaydalar tətbiq olunanda nəzarət mexanizmləri güclənir. Ona görə də sırf qadağa və ya məcburiyyət yerinə maarifləndirmə, fermerlərə dəstək, düzgün yemləmə və saxlanma ilə bağlı təşviqlər daha effektiv və daha az mübahisəli yanaşma ola bilər.

Yəni ideyanın özündə müəyyən məntiq var, amma bunu qanunla sərtləşdirməkdənsə, təşviq və maarifləndirmə yolu ilə həyata keçirmək daha balanslı və realist görünür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO