Xəbər verildiyi kimi Qərbi Kaspi Universitetinin dövlət sifarişi əsasında təhsil alan bəzi tələbələrindən 350–370 manat məbləğində ödəniş tələb olunduğu iddia edilirdi.
Universitetin açıqlamasına görə tələbələrdən ödəniş tələb edilməsinin səbəbi 2025-ci ilin başa çatması ilə əlaqədar təhsil üçün nəzərdə tutulan vəsaitin dövlət büdcəsinə geri qaytarılmasıdır.
MÖVZU İLƏ BAĞLI:
Qərbi Kaspi Universitetində dövlət sifarişli tələbələrdən ödəniş tələb olunur? - Agentlik araşdırmalara BAŞLADI – FOTOFAKT
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən isə sorğumuza cavab olaraq bildirilmişdi ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrdən təhsil haqqı formasında hər hansı ödənişin tələb olunması qanunaziddir.
Bu gün isə Elm və Təhsil üzrə Dövlət Agentliyindən məsələ ilə bağlı daha bir açıqlama gəlib.
Qeyd olunub ki, ilin sonunda istifadə olunmamış və vahid xəzinə hesabına köçürülmüş vəsaitin geri qaytarılması məsələsi Elm və Təhsil Nazirliyinin səlahiyyətində deyil:
"Dövlət sifarişi əsasında təhsil alan tələbələrdən hər hansı formada ödəniş tələb olunması qanunvericiliyə ziddir. Belə tələbələrin təhsil xərcləri dövlət büdcəsi hesabına qarşılanır və bununla bağlı hər hansı maliyyə yükü tələbənin üzərinə qoyula bilməz.
Bu baxımdan, təhsil müəssisəsinin özəl statusu dövlət sifarişi əsasında qəbul olunmuş tələbələrin maliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən müəyyən edilmiş hüquqi rejimi dəyişmir. Təhsil müəssisəsinin daxili maliyyə planlaşdırması, ayrılmış vəsaitin idarə olunması, yaxud ilin sonuna istifadə olunmamış vəsaitlə bağlı yaranmış hallar tələbələr üçün əlavə öhdəlik yaratmır. Universitet tərəfindən maliyyə məsələlərinin düzgün tənzimlənməməsinin nəticəsinə görə tələbə cavabdeh deyil.
Məsələ ilə bağlı aidiyyəti ali təhsil müəssisəsinin müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb və rəsmi qaydada cavab verilib. Bildirilib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə əsasən, ilin sonunda istifadə olunmamış və vahid xəzinə hesabına köçürülmüş vəsaitin geri qaytarılması Elm və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində mümkün deyil", - deyə qurumdan bildirilib.
Nəzrin Mirzəyeva, Bizim.Media

































































































