Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Hazırda oxunan: Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

604307

Mediada və ya sosial şəbəkələrdə qırmızı lobyanın tərkibində daha zəngin faydalı maddələr olduğu üçün insan qidasında mal ətini əvəz edə bildiyinə dair fikirlərə rast gəlinir ki,. 

Bizim.Media bunun nə dərəcədə doğru olduğu, lobyanın sağlamlığa təsiri haqda araşdırmanı təqdim edir:

Qırmızı lobya nədir

Qırmızı lobya paxlalılar fəsiləsinə aid bitkidir və vətəni Perudur. Avropaya isə XV əsrdə ekspedisiyalardan biri vasitəsilə gətirilib. Maraqlıdır ki, əvvəlcə daha çox dekorativ bitki kimi qəbul olunurdu. Sonradan noxuda bənzərliyi nəzərə alınaraq, tərəvəz kimi becərilməyə başlanıb.

Dad baxımından bir qədər şirin, eyni zamanda azca qoz dadını xatırladan notlara malikdir. Xaricdən qalın qabıqlı, içəridən isə yağlı və yumşaq quruluşdadır. Bişirilməzdən əvvəl isladılması və uzun müddət qaynadılması tələb olunur, buna görə tez-tez konservləşdirilmiş forması istifadə edilir.

Qırmızı lobyanın faydaları


Mütəxəssislərin araşdırmasına görə, qırmızı lobya zülal, nişasta, doymamış yağ turşuları, lif və əvəzolunmaz amin turşuları mənbəyidir. Digər paxlalılarla müqayisədə vitamin və minerallarla daha zəngindir. Endokrinoloq Yelena Syurakşina aşağıdakı faydaları qeyd edir:

Qan şəkərinin nəzarəti: aşağı qlisemik indeksə malikdir, şəkər sıçrayışlarının qarşısını alır və II tip diabet riskini azalda bilər.

Ürək sağlamlığı: tərkibindəki omeqa-3, maqnezium və kalium sayəsində xolesterini və təzyiqi azaldır.

Pəhrizdə dəstək: toxluq hissini artırır, yağ parçalanmasını sürətləndirir.

İmmunitetin güclənməsi: tərkibindəki kükürd və antioksidantlar orqanizmi viruslardan qoruyur.

Yüksək lif tərkibi: həzm sistemini yaxşılaşdırır və bağırsaqları təmizləyir.

Qadınlar üçün fayda: saç və dırnaqları möhkəmləndirir. Fol turşusu ilə zəngin olması isə onu hamilələr üçün xüsusilə faydalı qidaya çevirir.

Kişilər üçün fayda: piylənmənin qarşısını alır, hormonal sistemi və potensiyanı dəstəkləyir.
Kimlər üçün zərərli ola bilər

Həzm problemləri: çox qəbul edildikdə köp, qaz və ishala səbəb ola bilər.

Allergiya: səpki, ürəkbulanma və ya digər reaksiyalara səbəb ola bilər.

Odur ki, lobyanın mənfi təsirlərdən qaçmaq üçün gündə 120–150 qramdan çox istifadə edilməməsi tövsiyə olunur.

Bəs qırmızı lobya mal ətini əvəz edə bilərmi?


Dietoloq Yekaterina Şirşovanın sözlərinə görə, bu fikir qismən doğrudur, lakin ət tamamilə əvəz olunmamalıdır. Səbəb isə zülal fərqidir. Belə ki, 100 qram mal ətində təxminən 35 qram zülal olduğu halda, paxlalılarda bu göstərici 15–18 qramdır.

Bundan əlavə, ət daha yaxşı mənimsənilən dəmir, sink və B12 vitamini ilə zəngindir ki, bunlar anemiya və sinir sistemi problemlərinin qarşısını almaq üçün vacibdir. Qırmızı lobya isə lif və amin turşuları baxımından faydalı olsa da, orqanizmin bütün ehtiyaclarını tam qarşılamır. Odur ki, ət rasiondan çıxarılarsa, lobyanı taxıl məhsulları ilə birlikdə istifadə etmək lazımdır.

Mütəxəssislər qeyd edir ki, ətin bir hissəsini paxlalılar və göbələklərlə əvəz etmək faydalıdır. Bu, xüsusilə ürək sağlamlığı üçün müsbət təsir göstərə bilər. Eyni zamanda, sağlam qida rasionu üçün yağsız ət növlərinə üstünlük vermək və kolbasa, sosiska kimi məhsulları məhdudlaşdırmaq tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO