1945-ci ilə aid əfsanəvi Domaine de la Romanée-Conti şərabının bir şüşəsi hərracda inanılmaz məbləğə — 812 min 500 dollara satılıb.
Bizim.Media xəbər verir ki, rekord satış dünyanın ən böyük şərab hərrac evi və ABŞ-ın ən qədim şərab taciri sayılan Acker şirkətinin təşkil etdiyi illik La Paulée hərracında baş tutub.
Forbes-un məlumatına görə, bu satış əvvəlki dünya rekordunu da geridə qoyub. Belə ki, 2018-ci ildə eyni şərabın analoji şüşəsi 558 min dollara satılmışdı. Beləliklə, qiymət təxminən 50 faiz artıb.
Acker-in nümayəndələri bildiriblər ki, bu satış 1945-ci il vintajını “kolleksiyaçılıq tarixinin ən arzulanan şərabı” statusunda bir daha möhkəmləndirib.
Şirkətin sədri Con Kapon qeyd edib ki, bu həftəsonu tarixi hadisə yaşanıb.
Onun sözlərinə görə, o, həyatında cəmi üç dəfə Romanée-Conti 1945 dadıb və bu şərabı mövcud olanların ən möhtəşəmi hesab edir.
Kapon əlavə edib ki, hərrac Burqundiyanın ən yaxşı istehsalçılarını və kolleksiyaçılarını bir araya gətirən əsl bayrama çevrilib.
Alıcının kimliyi açıqlanmayıb. Lakin məlumdur ki, şüşə Burqundiyanın ən nüfuzlu şərabçı simalarından biri olan və təxminən 50 il Maison Joseph Drouhin evinə rəhbərlik etmiş Robert Druenin şəxsi zirzəmisindən çıxarılıb.
Bu şərabın unikallığı yalnız yaşı və mənşəyi ilə bağlı deyil. 1945-ci il məhsulu Romanée-Conti üzüm bağlarında hər iki dünya müharibəsini görmüş ən qədim üzümlərin yenidən əkilməsindən əvvəl istehsal olunan son vintaj sayılır.
Həmin üzüm bağı yalnız qırmızı şərab istehsal edir və əsasən pinot noir sortundan istifadə olunur.
Burada ildə cəmi 5-6 min şüşə istehsal edilir. Amma 1945-ci il məhsulundan təxminən 600 şüşə hazırlanıb. Onun kolleksiya dəyərini artıran əsas amillərdən biri də məhz budur.
Bundan əlavə, bu şərab “filokseradan əvvəlki dövr” kateqoriyasına aid edilir. Yəni üzüm, XIX əsrin sonlarında Avropadakı üzüm bağlarının böyük hissəsini məhv etmiş filoksera həşəratına davamlı olmayan köhnə üzümlərdən yığılıb.
Ekspertlər vurğulayırlar ki, bu şərab dadının dərinliyi və mürəkkəbliyi baxımından “misilsiz” sayılır və haqlı olaraq sadəcə içki deyil, əsl tarixi xəzinə kimi qiymətləndirilir.

Bizim.Media































































































