Şaxtalı “Şahdağ”ın əl yandıran qiymətləri –

Şaxtalı “Şahdağ”ın əl yandıran qiymətləri – "Xizək bahalı hobbidir"...

Hazırda oxunan: Şaxtalı “Şahdağ”ın əl yandıran qiymətləri – "Xizək bahalı hobbidir"...

60291

Qışın oğlan çağı olsa da “Şahdağ” turizm mərkəzindəki qiymətlər əl yandırır. Yerli və xarici turistlərin sevərək gəldiyi bu məkanda bütün xidmətlərin məbləği dodaq uçuqladır.

“Ötən gün Şahdağda idik. Qəbələdən gələn qonaqlarım xizək sürmək istədiklərini dedilər və 4 ailə yığışıb böyük sevinclə ora getdik. Getməz olaydıq...”

Bu sözləri Bizim.Media-ya açıqlamasında Quba Xınalıq kənd sakini şikayətində bildirib. Kənd internat məktəbinin müəllimi olan Səxavət Sultanov deyir ki, qiymət bahalığına görə, yaradılmış fürsətlərdən zövq almaq mümkünsüzdür:

“Mənim qara marağım yoxdur. Qəbələdən gələn dostlarımız da orada yerləşən Tufandağda olublar. Bildirdilər ki, oranın relyef imkan vermədiyinə görə, xizək sürmək üçün şərait yoxdur. Bu səbəbdən birlikdə Şahdağa getdik. Həmişə sevinmişəm ki, nə yaxşı ölkəmizdə qış turizmi var amma qarşılaşdığımız mənzərə bizi məyus etdi. Qiymətlər çox bahadır, hələ bunun yol xərcini, kanata minmək, xizək sürmək, qidalanmanı nəzərə alanda bir nəfər üçün xərc 200-250 manata qədər çıxır”.
 

MÖVZU İLƏ BAĞLI:

“Şahdağ” İstirahət Mərkəzində özbaşınalıq- Karantin bitib? - VİDEO


Xınalıq sakininin sözlərinə görə, xizək sahəsi öyrənənlər və sürməyi bilənlər üzrə 2 yerə bölünür və gündəlik qiymətlər 100 manata yaxın məbləği təşkil edir. Kanat yolunun qiyməti isə 4 manatdan 13 manatadək dəyişir. Bir sözlə, Şahdağda addım atmaq da az qala pulla başa gəlir:

“Qiymətlərin bahalığı səbəbindən nə kanat yoluna qalxa, nə də xizək sürə bildik. Ancaq şəkillər çəkdirib, qar topu oynayıb, xizəyin üzünə həsrət qalaraq ağzımızın suyunu axıda-axıda geri qayıtdıq”.

Azərbaycanın ən möhtəşəm və unikal istirahət məkanı olan “Şahdağ” dakı qiymətlərdən narazı qalan təkcə Səxavət müəllim və qonaqları deyil, həmçinin ürəyi atlanıb qışda xizək sürmək üçün bura gəlmək istəyənlərin də yaralı mövzusudur. Hələ turizm mərkəzindəki bahalı hotellərdən heç danışmırıq.

Bizim.Media olaraq səslənən iradlara “Şahdağ” turizm mərkəzinin marketinq şöbəsinin müdiri Səidə Murtuzəliyevadan mövqe aldıq. Şöbə müdiri xizək və kanatdan istifadə haqqlarını onların tənzimləmədiyini dedi:

“Qiymətləri biz qoymuruq. İnsanların qiymətlərin bahalığından şikayətlənməsi təbiidir. Xizək bahalı hobbidir. Dünyanın hər yerində belədir”- deyə, qeyd edən Səidə xanım qiymətlərlə bağlı rəsmi məlumatı da bizə təqdim edib:

“Başlanğıc üçün bayram və istirahət günlərində qiymətlər 6-11 yaşlı uşaqlar üçün 23, böyüklər üçün 28, həftə içi günlərdə uşaqlar üçün 18, böyüklər üçün isə 23 manat təşkil edir. Piyadalar  keçidində isə qiymətlər uşaqlar üçün bayram günlərində 13, adi günlərdə 10, böyüklər üçün isə 18 və 15 manatdır”.

Bu xizək yollarından istifadə üçün qiymətlərdir. Amma xizək yolundan istifadə üçün götürdüyün tək bir eynəyin qiyməti 80-100 manatın arasındadır. Geyimlərin icarəsi isə 200 manata qədər xərc aparır.

Səidə xanımın dediyi kimi, xizək sürmək bahalı hobbidir və təbii ki 90 faiz azərbaycanlılar üçün əlçatmaz arzudur.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO