2026-cı il iyulun 1-dən etibarən Gürcüstanda ictimai iaşə müəssisələrində plastik qab və qablaşdırmadan istifadə məhdudlaşdırılacaq.
Növbəti mərhələdə isə - 2027-ci ilin fevralından plastik qablaşdırmada olan qida məhsullarının istehsalı, idxalı və satışının qadağan edilməsi planlaşdırılır. Bu qərar plastik tullantıların azaldılması və ətraf mühitin qorunması məqsədi daşıyır və mərhələli şəkildə icra olunacaq.
Bəs oxşar yanaşma Azərbaycanda da tətbiq oluna bilərmi?
Bizim.Media xəbər verir ki, deputat, iqtisadçı-ekspert Vüqar Bayramov mövzu ilə bağlı oxu.az-a danışıb.
V.Bayramov qeyd edib ki, plastik butulkalardan istifadənin məhdudlaşdırılması təşəbbüsləri, əsasən, onların ətraf mühitə təsiri ilə bağlıdır:
"Plastik butulkaların utilizasiya prosesi uzun müddət tələb edir və bəzi hallarda ümumiyyətlə mümkün olmur. Bu səbəbdən artıq bir çox inkişaf etmiş ölkələrdə plastik butulkalardan istifadənin məhdudlaşdırılması, bəzi hallarda isə qadağan edilməsi müşahidə olunur. Təbii ki, bu proses qısa müddətdə həyata keçirilmir və hətta inkişaf etmiş ölkələrdə belə mərhələli şəkildə tətbiq edilir".
Deputat qeyd edib ki, belə dəyişikliklər müəyyən maliyyə xərcləri ilə də müşayiət olunur:
"Plastik butulkalardan şüşə butulkalara keçid həm istehsalçılar, həm də istehlakçılar üçün əlavə maliyyə yükü deməkdir. Bu baxımdan, qərarlar qəbul edilərkən həmin xərclərin də nəzərə alınmasına ehtiyac var".
V.Bayramovun sözlərinə görə, Azərbaycanda da ekoloji tələblərə uyğun olaraq müəyyən standartların tətbiqi artıq müşahidə olunur:
"Lakin digər ölkələrin təcrübəsinin tam şəkildə tətbiq olunacağı vaxt aparılan qiymətləndirmələrdən asılı olacaq. Qlobal tendensiya göstərir ki, gələcəkdə bir çox ölkələrdə plastik butulkalardan istifadənin mərhələli şəkildə məhdudlaşdırılması və xüsusilə ictimai sahələrdə qadağaların tətbiqi mümkündür".
Bizim.Media































































































