Bu gün Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Mircəlal oğlu Paşayevin 88 yaşı tamam olur.
Bizim.Media xatırladır ki, Arif Paşayev 15 fevral 1934-cü ildə Bakıda ziyalı ailəsində anadan olub.
Arif Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirib, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb.
Həmin vaxtdan o, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxıb.
Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. Alimin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunub, bir sıra sənaye müəssisələrində tətbiq edilib.
Görkəmli alim 1960–1964-cü illərdə Moskvada "QİREDMET" İnstitutunda aspirant olub, 1966-cı ildə isə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
Akademik Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi və sənaye nümunələri alıb, medallar və diplomlarla təltif olunub. Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə "SSRİ-nin ixtiraçısı" medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiİtərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülüb.
"VEKTOR" — Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "Azərbaycanın tanınmış alimləri" beynəlxalq layihəsinin qalibi olub və "XXI əsrin tanınmış alimi" beynəlxalq diplomu ilə təltif edilib.
Azərbaycanda elmin, təhsilin inkişafında yüksək xidmətləri olan akademik Arif Paşayev 2004-cü il fevralın 15-də Vətənimizin daha bir yüksək mükafatına — "Şöhrət ordeni"nə layiq görülüb.
Arif Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür.
Bizim.Media olaraq görkəmli akademiki doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür arzulayırıq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:26 / 15.02.2022
Bu gün akademik Arif Paşayevin 88 yaşı tamam olur
Hazırda oxunan: Bu gün akademik Arif Paşayevin 88 yaşı tamam olur
Hazırda oxunan: Bu gün akademik Arif Paşayevin 88 yaşı tamam olur
0:00
0:00
60198
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.