Son illərdə iqlim dəyişiklikləri dünyanın bir çox bölgəsində müxtəlif canlıların yayılmasına və sayının artmasına təsir göstərir. Bu dəyişikliklərdən təsirlənən canlılardan biri də gənələrdir. Məsələn, Rusiya kimi daha soyuq iqlimə malik ölkədə belə son dövrlərdə isti havaların artması gənələrin çoxalmasına səbəb olub.
Bu vəziyyət daha mülayim və isti iqlimə sahib olan Azərbaycan üçün də müəyyən narahatlıqlar yaradır. Bu il qış daha mülayim keçib, yaz erkən başladığına görə, gənələrin aktivliyi artıb. Onlar isti və rütubətli mühitdə çoxalırlar. Buna görə də onların artması insan və heyvanlar üçün təhlükəli vəziyyət yarada bilər.
MÖVZU İLƏ BAĞLI:
Həşərat dişləmələrinin yerlərini qaşımaq faydalı imiş
Bəs gənə insan orqanizmi üçün nə dərəcədə təhlükəlidir?
Məsələ ilə bağlı infeksionist Afət Qəhrəmanova Bizim.Media-ya açıqladı ki, gənə insanda Lime xəstəliyi yaradır:
“Bu, bakterial infeksiyadır. Dişlənən yerdə qırmızı halqa qoyur. Müalicə olunmasa sinir sistemi və oynaqlar zədələnə bilər. Daha ağır hallarda ifliclə nəticələnir”.
Mütəxəssis bildirir ki, açıq təbiətdə əgər gənə dişləsə, onu tez və düzgün şəkildə çıxarmaq lazımdır. Yeri spirt və ya antiseptiklə dezinfeksiya edilməlidir. Əgər bir-iki həftə ərzində qızdırma, halsızlıq, dəridə səpkilər olarsa həkimə müraciət etmək lazımdır.
Qeyd edək ki, gənələr əsasən çəmənlikdə, heyvan saxlanılan yerlərdə çox olurlar. Belə yerlərdən qayıdan kimi üst geyimlər çıxarılıb çırpılmalı sonra yuyulmalıdır.
Şəfiqə Şəfa, Bizim.Media






























































































