Azərbaycan Nazirlər Kabineti nüvə və digər kütləvi qırğın silahlarının tətbiqi ehtimalı ilə bağlı mühüm sənəd təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu qərar əsasən insanların belə fövqəladə hallarda necə davranmalı olduğu və hansı təhlükəsizlik tədbirlərinin görüləcəyi barədə məlumatlandırılmasını tənzimləyir.
Sənədin əsas qayəsini əhalinin maarifləndirilməsi təşkil edir. Belə ki, mümkün təhlükə zamanı profilaktik addımların atılması və vətəndaşların vaxtında xəbərdar edilməsi üçün konkret qaydalar müəyyənləşib. Bu addım Prezidentin 2025-ci ildə imzaladığı müvafiq sərəncamın icrasını təmin etmək məqsədi daşıyır.
Qərara əsasən dövlət qurumları kütləvi qırğın silahlarının yarada biləcəyi risklərə qarşı əhalini qabaqcadan hazırlamalıdır. Bura həm mühafizə üsulları, həm də təhlükə anında həyata keçiriləcək praktiki tədbirlər daxildir. Hökumət bu qaydalarla hər hansı böhran vəziyyətində qarışıqlığın qarşısını almağı və insanların təhlükəsizliyini maksimum dərəcədə qorumağı hədəfləyir.
Qeyd edək ki, dünən ABŞ və İsrailin zərbələri nəticəsində İsfahan əyalətindəki nüvə obyektinə ciddi ziyan dəyib. Lakin indiyə qədər radiasiya çirklənməsi barədə heç bir informasiya verilməyib.



Bizim.Media





























































































