Ucar rayonunun Alpout kəndi ərazisində bir neçə evin həyətini və zirzəmisini su basıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, qonşu həyətində yerləşən sahənin suvarılması zamanı suyun nəzarətsiz qalması nəticəsində baş verib.
Baş verən su basma nəticəsində bir neçə evin həyəti, sahələri, bağları, meyvə ağacları su altında qalıb, bəzi evlərin zirzəmilərinə isə su dolub. məhəllə yolları da suyun altında qalıb, hətta elektrik sayğacı belə suyun içindədir.
Sakinlər bildirir ki, suyun qarşısı vaxtında alınmadığı üçün problem qısa müddətdə daha da böyüyüb.
Məsələ ilə bağlı hadisədə adı çəkilən şəxs Elxan Cəfərov da danışıb. O, müsahibəsində bildirib ki, baş verən su basma nəticəsində özünə də ziyan dəyib və suyun suvarma kanalından daşaraq həyətlərə dolduğunu deyib.
Alpout kənd Bələdiyyə sədri Marif İsmayılov bildirib ki, sözügedən yaşayış evlərinin yaxınlığından keçən içməli su kanalında yeraltı sızma baş verib. Nəticədə ətrafdakı bəzi həyətlər və zirzəmilərdə su basması qeydə alınıb.
Onun sözlərinə görə, məsələ artıq nəzarətə götürülüb və problemin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi planlaşdırılır.





Bizim.Media, Aran bürosu





























































































