Bu gün Azərbaycan Televiziyasının yarandığı gündür - 66 il əvvəl...

Bu gün Azərbaycan Televiziyasının yarandığı gündür - 66 il əvvəl...

Hazırda oxunan: Bu gün Azərbaycan Televiziyasının yarandığı gündür - 66 il əvvəl...

0:00
0:00
60031

Şərqdə ilk televiziya 1956-cı ildə məhz ölkəmizdə fəaliyyətə başlayıb. Ötən 66 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayım vericiləri istismara verilib.

Bizim.Media xəbər verir ki, paytaxt Bakıda televiziya mərkəzi üçün binanın inşası 1954-cü ildə start götürüb.

Tikinti üçün Bakının ən hündür məkanlarından biri olan Mehdi Hüseyn küçəsi 1 ünvanı seçilib.

Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verilib. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. Teleqüllənin inşası hələ başa çatmadığı üçün Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılmışdı. 1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verilib.  

İlk veriliş günü ekranda çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan gənc aktrisa Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər.

Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar.

Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu.
1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5, 1962-ci ildən isə gündəlik 7, 70-ci illərdən isə 10, 80-ci illərdən 18, 2005-ci ildən isə 24 saatlıq fasiləsiz yayıma keçib. Elə həmin ildən Azərbaycan Dövlət Televiziyası Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO