Zaqatalanın Bəhmətli kəndindən olan Vətən Müharibəsi şəhidi, kapitan Fəzail Əliyevin atası Nəzir Əliyev uzun sürən xəstəlikdən sonra 64 yaşında vəfat edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhid atası Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun qan xərçəngi xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, şəhid kapitan Fəzail Əliyev 1990-cı il noyabrın 5-də Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub. 1996-2004-cü illərdə Ə. Cavadov adına Bəhmətli kənd tam orta məktəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxuyub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun kapitanı olan Fəzail Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Fəzail Əliyev sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Bəhmətli kəndində dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən kapitan Fəzail Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "İgidliyə görə" medalı ilə təltif edilib.
Şəhidin atası bu gün Bəhmətli kənd qəbiristanlığında dəfn olunub.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu





























































































