Son illərdə bir çox ölkədə sosial şəbəkələrdə “xarici agent” kimi tanınan şəxslərin fəaliyyəti və onların paylaşımlarına istifadəçilərin reaksiyaları diqqət mərkəzinə çevrilib.
Onların mütəmadi olaraq paylaşdıqları, süni intellekt vasitəsilə tərtib etdikləri videolara baxıb bəyənənlər də az deyil. Amma sual yaranır ki, ölkənin nüfuzuna xələl gətirən, son texnologiyadan istifadə etməklə kütləni yanlış yönləndirən bu insanlara, onların tərəfdarlarına qarşı necə mübarizə aparmaq olar?
Məsələn, Rusiyada bu sahədə qanunvericilik sərtləşdirilir, xarici agentlərin paylaşımlarını yayanları və hətta “layk” edənləri cərimələməyi düşünürlər. Bu tendensiya Azərbaycan üçün də aktual ola bilərmi?
“Sosial şəbəkələrdə cəngəllik qanunları hökm sürür”
Mövzu ilə əlaqədar millət vəkili Elman Nəsirov Bizim.Media-ya bildirib ki, sosial şəbəkələrlə bağlı xüsusi qanunun qəbuluna böyük ehtiyac var. Bununla yanaşı süni intellektlə bağlı da ayrıca qanun qəbul edilməlidir:
“Hazırda sosial şəbəkələrdə sanki cəngəllik qanunları hökm sürür. Orda istənilən cinayətə imza atmaq, insanların şərəf və ləyaqətini alçaltmaq, buna rəğmən cəzasız qalmaq mümkündür.
İndi də Süni İntellektlə bağlı xoşagəlməz görüntülər yayırlar. Əslində Süni İntellekt dövrümüzdə son dərəcə əhəmiyyətli bir kəşfdir. Amma o, kimin istifadəetməsinə bağlıdır, normal insanmı istifadə edəcək, cinayətkarmı?!
Dövlətə qarşı çıxanlar, milli dönüklər Süni İntellektdən öz məqsədləri üçün istifadə edərək publikanı çaşdırırlar”.
Deputat qeyd etdi ki, Rusiyada atılan bu addım mövcud qarışıq vəziyyətin diktəsindən qaynaqlanıb:
“Azərbaycanda da elə insanlar var ki, gedib xaricdə yaşayır və dövlətin əleyhinə çirkin ifadələr işlədirlər. Konkret şəxsləri hədəfə alırlar, insanların ailəsi bağlı böhtan yayırlar və beləliklə onun ictimai nüfuzuna xələl gətirirlər.
Ona görə hesab edirəm ki, mübarizə üsullarından biri kimi cərimələnmə də nəzərdən keçirilə bilər. Layk etmək o deməkdir ki, sən şər-böhtan atanı və onun dediklərini bəyənirsən və onunla razılaşırsan. Deməli cinayətkarın yanında yer almış olursan.
Belə insanlara qarşı qanunvericilikdə müəyyən addımların attılması vacibdir. Qanunvericiliyin bu istiqamətdə təkmilləşdirilməsinə ehtiyac var. Bu, həm də ictimai sifarişdir”.
Şəfiqə Şəfa, Bizim.Media





























































































