Xəbər verdiyimiz kimi, ötən gün Goranboyın Yuxarı Ballıqaya kəndində körpə həyatını itirib.
İddialara görə kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. O, iynənin təsirindən şoka düşərək vəfat edib.
Körpələrə hansı hallarda peyvənd vurulmamalıdır? Peyvənd vurularkən nələrə riayət edilməlidir?
Pediatr Aytən İsmayılzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, peyvənd olunacaq körpədə əsas diqqət yetirilməli məqam onun həmin dönəmdə tam sağlam olmasıdır:
“Uşaq xəstə olanda, kəskin allergik reaksiyası olanda peyvənd olunmamalıdır. Peyvənd vurulmaması isə valideynlərin fikri ilə ölçüləsi məsələ deyil. Peyvənd olunmayan uşaq pnevmoniya olsa, onu kim xilas edəcək? Peyvəndi Azərbaycan tibbi icad etməyib.
Bu, dünyada qəbul edilmiş bir şeydir. Bu, epidemiyaların qarşısını almaq üçün vasitələrdir. Lakin artıq elə dövrə gəlmişik ki, valideynlər də bəzən qorxduğundan buna müdaxilə etmək istəyir. Peyvənd olunan uşağın ölüm səbəbi şok reaksiyasından ola bilər. Burada isə həkimin heç bir günahı, təqsiri də yoxdur.
Yeni peyvənd olunmuş uşaqlarda 3 gün ərzində iştah pozulması, yuxusuzluq kimi əlamətlər ola bilər. Lakin əgər uşaqda 39-40 dərəcə qızdırma, qusma kimi əlamətlər görülürsə, o deməkdir ki, peyvəndə qarşı güclü reaksiya verib və o artıq peyvənd olunmur”.
Naibə Məmmədova, Bizim.Media

































































































